İranın bu cür hərəkətləri bölgədə sülhün bərqərar olmasına böyük maneəçilik törədir

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı müharibədə şücaətini göstərdi. Azərbaycan İrandan kiçik ölkə də olsa, biz İranın qarşısında aciz qalmarıq. Lakin gözləmirəm ki, İran Azərbaycana qarşı müharibəyə başlasın. Çünki bu, İran üçün böyük faciə olar. İranla müharibə olması ehtimalı çox azdır. İranın bizə qarşı göstərdiyi mövqeyə baxmayaraq, Cənab Prezident hər zaman İrana dost münasibət göstərir. Bütün çıxışlarında, görüşlərində İrana qonşu ölkə kimi hörmətlə yanaşır. İranla diplomatik əlaqələrin kəsilməsi məsələsi də cənab Prezidentin səlahiyyətində olan məsələdir. Cənab İlham Əliyev nəyi nə zaman necə edəcəyini çox yaxşı bilir. Ona görə də İranla diplomatik əlaqələrin kəsilib-kəsilməməsi barədə fikir bildirməyə səlahiyyətimiz yoxdur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. Deputat bildirib ki, Azərbaycanın qonşu ölkələrlə heç bir konflikti yoxdur: “Heç birinin siyasətinə, daxili işlərinə də qarışmırıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Azərbaycanın qonşu ölkələri ilə münasibətləri müsbətdir. Bütün bunlar cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Rusiya ilə Ukrayna arasındakı müharibə ilə əlaqədar da Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan iki ölkə arasında qırğınların dayandırılmasının tərəfdarıdır, bundan başqa siyasət işlətmir. Qonşu ölkə Ermənistanın təcavüzlərinə rəğmən, Azərbaycan yenə də hər zaman öz humanist mövqeyini ortaya qoyub. İranın da Azərbaycana qarşı apardığı siyasət doğru siyasət deyil. Azərbaycan başqa ölkələrin xarici siyasətinə müdaxilə etmirsə, başqa ölkələrin də onun siyasətinə müdaxilə etməsini istəmir. Azərbaycan dövləti düzgün siyasət aparır. İranın Azərbaycana qarşı nümayiş etdirdiyi hərəkətlərini heç birimiz doğru saymırıq. İranın müsəlman, şiə ölkəsi olaraq Azərbaycana belə mövqe göstərməsi etik deyil. Bu cür mövqe İranı başqa dövlətlərin gözündə çox xırdalayır, doğru siyasət aparmadığını açıq-aydın göstərir. İranın bu gün sərhədlərimizdə manevrlər etmək bəhanəsi ilə qoşun yığması, əzələ nümayişi göstərməsi doğru deyil. Türk Dünyası da bunu dəstəkləmir. İranın bu cür hərəkətləri bölgədə sülhün bərqərar olmasına böyük maneəçilik törədir”.