"İslam həmrəyliyi ideyasının gerçəkləşməsi işinə mühüm töhfə"

“İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından olduqca böyük əhəmiyyət kəsb edən beynəlxalq idman tədbiridir. Məlum olduğu kimi, Azərbaycan dövləti hər zaman islam ölkələri ilə əlaqələrin genişlənməsinə, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi diqqət ayırıb. Təsadüfi deyil ki, ölkəmiz özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra MDB məkanından ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1994-cü ilin may ayından etibarən, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İƏT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, məhz ulu öndər Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı Krallığına səfəri ölkəmizin İƏT ölkələri ilə əməkdaşlığının gələcək inkişafı üçün möhkəm zəmin yaratdı. Ümummilli liderimizin səfər əsnasında müqəddəs Kəbədə Ümrə ziyarəti etməsi və keçirdiyi bir sıra məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırmış oldu. Bütün bu səylərin nəticəsində 1994-cü ilin dekabrında Kasablanka şəhərində keçirilmiş İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının VII zirvə görüşündə Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın xeyrinə mühüm qətnamə qəbul edildi. Həmin qətnamədə Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşmüş bir milyon nəfərə yaxın vətəndaşının məskunlaşdığı Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsinə və BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından “dərhal və qeyd-şərtsiz” çıxarılmasına çağırışlar yer aldı. Bundan iki il sonra, 1996-cı ildə Cakartada keçirilmiş İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin 24-cü konfransında qətnamənin adının dəyişdirilərək “Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlandırılması isə Azərbaycanın sözün əsil mənasında böyük uğuru idi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, bu gün də Azərbaycan İslam ölkələri arasında birliyin möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfələr verməkdə davam edir: “Ölkə Prezidenti cənab İlham Əliyev hələ bir neçə il bundan öncə keçirdiyi görüşlərdən birində demişdir: “Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq siyasətimizin gündəliyində duran ən mühüm məsələlərdəndir və bizim bu istiqamətdə təşəbbüslərimiz nəcib bir məqsədə - müsəlman ölkələrinin siyasi, iqtisadi və digər sahələrdə bir-birinə daha da yaxınlaşması işinə xidmət edir”. Məhz bu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal və nüfuzlu üzvlərindən biridir. Məlum olduğu kimi, 2017-ci ildə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmiş və bu il çərçivəsində bir sıra mühüm beynəlxalq tədbirlər həyata keçirilmişdir. O cümlədən 2017-ci ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. Əlbəttə ki, bu Oyunlar böyük idman və ictimai əhəmiyyətlə yanaşı, həm də mühüm siyasi məna kəsb edirdi. İslam dünyasında bir sıra lokal münaqişələrin və müxtəlif ziddiyyətlərin hökm sürdüyü bir vaxtda bu böyük idman yarışını təşkil etməklə Azərbaycan İƏT-ə və onun birlik və həmrəylik ideyasına ciddi dəstək vermişdi. Bu gün də ölkəmiz qardaş Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ən yüksək səviyyədə təmsil olunur. Avqustun 9-da Türkiyəyə rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Konya şəhərində ölkəmizi İslamiadada təmsil edən idmançılarla keçirdikləri görüş də eyni zamanda həm Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısının daha bir nümayişi, həm də Azərbycan dövlətinin dünyada İslam həmrəyliyi ideyasına hər zaman mühüm töhfələr verməyə hazır olduğunun daha bir təsdiqi oldu. Dövlətimizin başçısı idmançılara müraciət edərək onların ölkəmizi V İslam Həmrəyliyi Oyunlarında da ləyaqətlə təmsil edəcəklərindən əmin olduğunu bildirdi. Həqiqətən də bu gün artıq Azərbaycan bütün dünyada güclü idman ölkəsi kimi tanınır və idmançılarımızın istər Olimpiya Oyunlarında, istərsə də dünya, Avropa çempionatlarında qələbələri artıq adi hala çevrilib. Öz çıxışında möhtərəm Prezidentimiz xüsusi olaraq vurğuladı ki, Azərbaycan idmançıları ilk dəfə olaraq İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, həqiqətən təkcə idmançılarımız üçün deyil, həm də bütün xalqımız üçün böyük qürurverici hadisədir. Heç şübhəsiz döyüş meydanlarında əldə edilmiş Qələbə idmançılarımızı ən yüksək nəticələr əldə etməyə ruhlandıran güclü stimul olacaq və Azərbaycan V İslam Həmrəyliyi Oyunlarında da ləyaqətlə təmsil olunacaq”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.