"Kağız idxalının ƏDV-dən azad edilməsi çap mediasının..." - Səidə Şəfiyeva

Azərbaycan Respublikasının Baş nazirinin imzaladığı müvafiq qərarla ölkəmizdə kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Sabahinfo.az xəbər verir ki, məsələ ilə bağlı Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva bildirib ki, son vaxtlar dünyada qiymət artımının həm də kağız məmulatlarına təsir etməsi daxili bazarda da müşhaidə olunurdu. Qiymətlərin yüksəlməsinin istifadəçilərə və media subyektləri üzərində xərclərin minimallaşdırmasına dəstək məqsədilə dövlət bu tip məhsulların idxalından 18 faiz əlavə dəyər vergisini azad edib. Bu qərar daxili bazarda həmin məhsulların qiymətlərinin əlavə dəyər vergisi qədər ucuzlaşmasını, qiymətlərin aşağı olmasını stimullaşdıracaq və çap mediası məhsullarının maya dəyərini və istehsal xərclərini əsaslı şəkildə azaltmaqla inkişafına təkan verəcəkdir.

S.Şəfiyeva onu da vurğulayıb ki, Medianın İnkişafı Agentliyində məsələ ilə bağlı ölkənin çap mediası subyektlərinin rəhbərləri və yayım şirkətləri ilə görüş və müzakirələrdə səsləndirilən fikirlər bu yanaşmanı dəstəkləyir.

Medianın İnkişafı Agentliyinin nümayəndəsi onu da əlavə edib ki, qərar çap mediası subyektlərinin və yayım şirkətlərinin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir.