Könlümün kitabı haqqında könül söhbəti

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Ömür haqqında bir-birindən fərqli fikirlər deyilir...

Ömür yaşanılmış (yaşanılan) aylardı, illərdi. Bu ayların, illərin hamısını könül xoşluğu ilə yaşamaq mümkün deyil; həyatın çətinlikləri də olur, sıxıntıları da, gözlənilməzlikləri də. Bunlar da ömürdü. Bəzən özündən asılı olmayan səbəblərə görə ayları, illəri istədiyin kimi yaşaya bilmirsən. Onda özünü qınamağa insafın imkan vermir, cəmiyyəti suçlamağa dünyagörüşün, mədəniyyətin, ziyalılığın. Belə mənəvi dilemma çıxılmazlıq yarada bilmir, nisbi gərginlik yaradır. Möhkəm iradəlililər, Vətənə, xalqa, dövlətə bağlı olanlar dövlətçiliyə sədaqətli olanlar bu gərginliyi səbriylə, hadisələrə təfəkkürlü münasibəti ilə yumşaldır. Tanıdığım, xarakterinə yaxından bələd olduğum insanların həyat yolunu bu baxımdan məktəb adlandırıram. Tədrissiz, sinif otaqlarsız, müəllimlərsiz mənəvi dəyərlərimizi yaşadan məktəb. Yaradıcı insanların ömür yoluna da məktəb demişəm. Oxuya-oxuya öyrəndiklərimizin, öyrəndiklərimizi öyrətdiklərimizin cəmiyyət üçün nə qədər gərəkli olduğunu dərk edəndə həmişə şükranlıqla göy üzünə baxmışam.

Əli Məmmədyarlını yaxşı tanıyırdım. Zəngilan rayonunun Genlik kəndində anadan olub. Ali təhsilli iqtisadçı idi. Mühasib, rayon qəzetində ədəbi işçi, Kənd Təsərrüfatı Texnika Birliyində baş iqtisadçı, Zəngilan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində məsul işçi və s. vəzifələrdə işləyib, 1978-ci ildən daxili işlər sistemində xidmət edib, polis mayoru idi. Ağdamda, Laçında, Zəngilanda erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak edib.

Bunlar o dövr üçün kifayət qədər məsul vəzifələr idi və bu məsul vəzifələr onun yaradıcılığına mane ola bilmirdi. "Zəncirlənmiş pələnglər", "Məxfi əməkdaş" romanlarının, "Ağ dünyanın qara daşı" kitabının, onlarla hekayənin, yüzlərlə şeirin müəllifidir. 

Çox təəssüf ki, bu dəyərli insan, qohumcanlı insan, təkcə şair, yazıçı kimi deyil, həm də gözəl rəssam kimi tanınan insan 63 yaşında dünyasını dəyişdi. Yaşasaydı, neçə-neçə kitablar da yazacaqdı...

Əli müəllimlə könül söhbətlərimiz çox olurdu. Yaradıcılıqla bağlı söhbətlərimizdə Əli müəllim qürurla, bir qədər kövrəkliklə atasının xatirələrini də xatırlayırdı. Bu xatırlama ata ruhuna ehtiram idi. Deyirdi ki, atamın yazdıqlarını təkcə özümə deyil, bizdən sonrakı nəsillərə də nəsihət bilirəm, ona görə də atamın zamanında yazdığı qeydləri çapa hazırlayacam. Bu kitaba onun 40 il müddətində yazdığı bədii yazıları da - şeirlərini, poemalarını, hekayələrini də daxil edəcəm. Bu gözəl niyyət mənə qədərsiz könül xoşluğu vermişdi. Zamanında mənə könül xoşluğu vermiş kitab haqqında düşüncələrimi yazmağı özümə böyük mənəvi borc bilirəm...

Özünə də yaxşı bələd idim, sözünə də. Özünün də heyranıydım, sözünün də (nəsrinin də, poeziyasının da). Onun yaradıcılığına böyük ehtiramı, sevgisi olanlardanam. Əli Məmmədyarlı imzası bu və ya digər səviyyədə minlərin düşüncələrinin nizamına dönmüşdü. Ona mənəvi sevgimi sözlə ifadə etməyə qərar vermişəm, həm də 75 yaşının ərəfəsində. Kitabları haqqında ayrıca məqalələr yazmaqla. Mənə belə gəlir ki, yazıçı haqqında, şair haqqında onun əsərlərindən söz açmaq daha gərəklidir. Tanınmış yazıçını oxucusuna bir daha tanıtmaq niyyəti ilə yazacağım məqalələr də sevgi ovqatlı olacaq, şübhəsiz. Bu tanıtmanı ədəbiyyatımıza səmimi sevgi müstəvisində səmimi kəlmələşmə bilirəm...

Böyük yazıçı İsa Muğannaya (Hüseynov) deyirlər: "Sən niyə atandan daha çox yazırsan?” Böyük yazıçı qətiyyətlə cavab verir: "Çünki atamı hamıdan yaxşı tanıyıram". Gözəl mükalimələşmədi, həyati mükalimələşmədi, günümüzün yazarlarına örnək mükalimələşmədi. İsa Muğannanın kəlam qüdrətində cavabını eşidəndə Əli Məmmədyarlını xatırladım. Onun "Atamın gündəliyi" kitabını xatırladım. Örnəyin nə olduğunun yaşadılması mənə könül xoşluğu verdi. Atası haqqında yazmaq missiyasını elə atasının gündəliyinə söz ömrü verməklə əvəzləyib (gözəl niyyətdi, yaşadılmalı və təqdiredilməli niyyətdi!). "Atamın gündəliyi" tarixi anları yaşatdığına görə tarixi, oxunaqlı (hər ikisini əhatələməklə bədii) əsərdir. Bu kitab haqqında əvvəllər yazmışdım. "İki sahil" qəzetində dərc olunmuşdu. İndi niyyətim bu dəyərli kitaba daha əhatəli söz demək istəyidi - atalara ehtiram kimi, milli mentalitetə ehtiram kimi, ədəbiyyatımıza ehtiram kimi, yazıçı Əli Məmmədyarlıya ehtiram kimi...

Əli Məmmədyarlı gözəl şairdi, Əli Məmmədyarlı gözəl yazıçıdı, Əli Məmmədyarlı gözəl insandı, Əli Məmmədyarlı ziyalıdı. Bunları bir ömürdə birləşdirən bir məqam var: azərbaycançılıq...

Gündəlik 1910-cu ildə Yelizavetpol quberniyasının Zəngilan qəzasının Genlik kəndində anadan olmuş Surxay Kərim oğlunun ömrünün müxtəlif məqamlarında yazdığı qeydlərin gündəliyidir.

Ömründən düşən anları yazıb. İlk baxışda ailə ilə bağlı məqamların əhatələndiyini güman edirsən. Ürəyinin gözü ilə baxanda görürsən ki, bu hadisələrin əksəriyyətinin  mahiyyətində cəmiyyət dayanır.

Surxay Kərim oğlunun özünün yazdığı "Qısa tərcümeyi-halım..."da bir məqam diqqəti çəkir.

Surxay Kərim oğlu hadisəni adi ülgüdə, adi biçimdə təqdim etmir, onu tarixiliklə, həmin tarixə qədərsiz sevgilərlə təqdim edir. Bu sevgi həm də imani sevgidir; "...qayğılı yaşamalı, çətin günlər keçirməli idim. 1947-ci ilin 26 iyulunda  - Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etdiyi gün oğlum dünyaya gəldi..." Sevginin gözəlliyinə baxın! (Allah, sənə və sənin Rəsuluna bu səviyyədə bağlılığı heç kimə çox görmə!) Təkcə bu və bu kimi çalarlarına görə "Atamın gündəliyi"nin yüksək bədii dəyərə malik olduğunu israr edə bilərik.

O oğula Əli adı verilib. Əli bu sevginin işığında böyüyüb, atasının yazdığı gündəliyi bu sevginin işığında ruhunun sədaqətiylə oxuyub, illər sonrası atasının gündəliyinə bu sevginin işığında ruhunun sədaqətiylə söz ömrü verib...

Kitab bir ömrün anlarının, günlərinin keçmişlərdə qalan tarixi kimi oxunur. Bəzən bircə cümlə ("Bu gün bərk sulu qar yağdı"), bəzən bir hadisə, bəzən bu və ya digər hadisəyə münasibət var. Bu baxımdan kitab publisistik mahiyyətli kitabdır.

1959-cu il martın 18-də yazılan bir qeyd azərbaycanlı ataların ümumiləşmiş obrazının bir çalarının ifadəsi kimi oxunur: "Yeganə oğlumuz Əli Bakıda xəstəxanada yatırdı. Ona görə gözümüzdə hiss olunmasa da, qəlbimiz gizildəyirdi..." Fikir milli mentaliteti yaşatma düsturudu: Dərdi kimsə duymamalıdı, dərdi içində çəkməlisən, dərdini kiminsə ürəyinə yük etməməlisən. Aqillikdi. Belə düşüncə aqillik düşüncəsidi...

Hamı Surxay Kərim oğlunu faktlar arasında mənəvi əlaqə bilən insan kimi tanıyırdı. Bu, həm də duyğusallığın yaşantılara düşən işığı təsirində olub. Səməd Vurğunun poeziyası hamının könül dünyasının göyqurşağı olub. İndi də belədi. "Atamın gündəliyi"ni oxuduqca duyursan ki, Surxay Kərim oğlu poeziyamıza da, musiqimizə də yaxından bələd olub. Bülbülü çox sevib, Səməd Vurğunu çox sevib. Sözün ifadə etdiyi məna çalarlarının mahiyyətli dərkinə sevgi də var yazdığı gündəlikdə. "1959-cu il martın 21-də: "Radioda Səməd Vurğunun sözlərinə bəstələnmiş mahnılar ifa olunurdu. O cümlədən, "Gülə-gülə" mahnısı da oxundu. Arzum gələn bu günü bizim də gülə-gülə (mahnıda səslənən gülə-gülə ifadəsi ilə bu gülə-gülə ifadəsinin bu qədər incəliklə qarşılaşdırılmasına necə heyrətlənməyəsən?) qarşılamağımızdan  ibarətdir..."

"Atamın gündəliyi"ndə obrazlı ifadələr, obrazlı cümlələr oxuyanın düşüncələrinə hopur. "O, fiziki ölçüdə bizdən nə qədər aralı olsa da, qəlbimizdə bir o qədər bizə yaxındır..." Kifayət qədər gözəl bədii fikir!..

"Atamın gündəliyi"nə Əli Məmmədyarlı həm də Surxay Kərim oğlunun şeirlərini daxil edib.

Şeir ruhun, duyğunun poetik formatda ifadəsidir. Kitaba daxil edilmiş şeirləri oxuyursan, məzmunla bağlı gözəl təşbehlər, gözəl təsvirlər könülə yatır, düşüncələrə hopur.

Klassik poeziyamıza sədaqət var şeirlərdə. Qaşların hilala (çatmaqaşlı fikrinin poetik şəkli), yanağın laləyə bənzədilməsi şeirin ruhdan süzüldüyü gümanını yaradır ("Sevgilimə xitabən"). Klassik aşıq poeziyasında da, ötən əsrin əvvəllərində də şeirimizdə işlədilən ərəb-fars tərkibli sözlərə hamımız bələdik və bunu kimsə poeziyamıza qəbahət saya bilməz. Zülf ifadəsinin ifadə etdiyi çaları saçla ifadə etməyin çətinliyini (anlamanın da çətinliyi) unutmayaq. Zülf deyilirsə, bu, uzunsaçlılığın əlaməti kimi dərk edilir. Saç qısa da ola bilər. Surxay bu şeirində "zülfünlə gəl çəkmə sən məni dara" fikrini də sevilənin gözəlliyini təsviri üçün işlədib (uzun saçlı Dədə Qorqudda "uzun saçları topuğa dolaşma" kimi ifadə edilib).

"Atamın gündəliyi" kitabı mənə duyğulu anlar yaşatdı. O anlardan biri də kitabda Surxay Kərim oğlunun zamanında yazdığı gündəliyi, şeirləri oğlu Əlinin yazdığı şeirlərin məntiqi tamamlaması oldu. Bu da ata adına sevgidi, ata adını yaşatma niyyətidi, atanın böyüklüyünün etirafıdı...

Əli Məmmədyarlının "Şeir yazmaq istəyirəm" şeiri ilk baxışda yaradıcılığa sədaqət kimi səslənir. Oxuyursan, misraların cazibəsində poetik heyrətə düşürsən: şair bu niyyətdə də "mehrabı uca göylər olan eşq"i ifadə etməyə nail olub:

 

Tək qəlbimin hər səsindən

xəbər tutsun öz sevgilim,

Qoy qalmasın ürəyimdə

bir nisgilim.

Bu bəsimdir, çox bəsimdir,

Mən bilim ki, ürəyimdə səda verən

Öz səsimdir,

mənim doğma nəfəsimdir...

 

Əli Məmmədyarlının yaradıcılığında fəlsəfi çalarlar da var və bu çalarlar həyatın dərkinə, həyat fəlsəfəsinə poetik işıq salır. Bu fəlsəfi çalarlar hamının gördüyü, duyduğu, çox təəssüf ki, çoxunun məhəl qoymadığı çalarlardır. Bu baxımdan "Doğmalıq" şeiri diqqəti çəkir. Vətənsevərlik ata yurduna, doğma ocağa sevgidən başlayır. Bu şeir o sevgilərə sevginin şeiridir.

 

Ömründə unutma doğmalığı sən,

Doğmalar bu evdən sürüblər köçü.

Bir vaxtlar, hardasa xoş gün keçirsən,

Qayıt, doğmalığa qovuşmaq üçün...

 

Gözəl məzmun gözəl bədii fikirlə verilib. Şeir olaraq gözəl oxunur, gözəl dərk edilir, gözəl yadda qalır...

Əli Məmmədyarlının "Vətən, ay Vətən" bölməsinə daxil edilmiş şeirləri də bu baxımdan diqqəti çəkir. Vətən sevgisi var şeirlərdə, təbiətə vurğunluq var, Azərbaycan var! Bu fikirləri "A kəndim", "Zəngilanım", "Azərbaycan" kimi şeirlərin zəmanəti ilə deyirəm...

Əli Məmmədyarlının "Atamın gündəliyi" kitabı könül kitabıdır, könüllərin kitabıdır...

Bu məqaləni könlümün kitabı haqqında könül söhbəti bilirəm...