Makronu da Sarkozinin aqibəti gözləyir

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həbs edilməsi bu ölkənin bəzi rəhbərlərinin vəzifədə olduqları illərdə çirkin əməllərlə məşğul olduqlarını bir daha aydın göstərir. Əksər dövlət rəhbərləri, eləcə də Sarkozi prezidentliyi müddətində daimi ermənipərəst mövqeyi ilə fərqlənmiş, Azərbaycanın haqlı tələblərinə laqeyd yanaşmış, antidemokratikliyini nümayiş etdirmişdir. Emmanuel Makron da bu gün demokratiya pərdəsi altında öz çirkin əməllərini həyata keçirməkdədir. Fransa Minsk qrupunun həmsədri olduğu bütün illərdə ədalətsizliyə meydan açmış, təcavüzkar Ermənistanın yanında olduğunu göstərmiş, faşistlərə heç bir təsir göstərilməmişdir. Bu mövqe 44 günlük müharibə günlərində və bu gün də davam etdirilir. Makron, Fransa parlamenti, bu ölkənin əksər siyasətçiləri bu gün ermənilərin əlində bir oyuncağa çevrilmişdir. Bu sözsüz ki, ermənilərə sevgidən deyil, onların pullarına istəkdən qaynaqlanır. Digər tərəfdən Fransa Cənubi Qafqazda öz varlığını möhkəmləndirmək arzusundadır. 

Bu əlbəttə ki, mümkün deyil və Ermənistanla danışıqlarda Azərbaycan Fransanın iştirakına nöqtə qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə Makronun antiazərbaycan mövqeyini tənqid etmiş və bu ölkənin vasitəçiliyinə heç bir lüzum olmadığını bildirmişdir. Makron bu gün Azərbaycana düşmən münasibəti ilə Sarkozidən çox irəli getmişdir və beynəlxalq aləmdə Ermənistanın vəkili qismində çıxış etməkdədir. O, bu günlərdə jurnalistlərə verdiyi açıqlamasında bildirmişdir ki, “Fransa Minsk Qrupunun həmsədri kimi Azərbaycan – Ermənistan arasında sülhə maraqlıdır. Biz sülh prosesinə kömək etməliyik. Beynəlxalq səviyyədə tanınan sərhədlərə tam hörmət olunmalıdır”. Gülməli məntiqdir. Makron Azərbaycan torpaqlarını işğal altında olduğu 30 ildə nədən sərhədlərə hörmət məsələsini dilə gətirmirdi. Məgər o, Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu bilmirdimi? Belə açıqlamalar riyakarlıq əlamətidir. Təəssüflər olsun ki, Fransa prezidenti belə açıqlamalarının nifrət, gülüş doğurduğunu bilə - bilə ağlına gələni söyləyir və özünü çıxılmaz vəziyyətə salır. Görünür o, düşdüyü vəziyyətdən ləzzət alır. Əks halda belə ifadələri dilə gətirməzdi, əməllərindən utanıb geri çəkilərdi. Öz çirkin əməlləri ilə fransızların imicinə, dövlətin mənafeyinə ciddi zərbələr vuran Makronu da Sarkozinin aqibəti gözləyir və həmin gün heç də uzaqda deyil. Haqsızlıq, zülm, riyakarlıq cavabsız qalmır və Fransanın hakim dairələri də bunu yaxşı bilməlidirlər.

Tahir Rzayev

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri