Məmur-vətəndaş münasibətləri sosial ədalət prinsipinə əsaslanmalıdır

Prezident İlham Əliyevin cari il iyulun 25-də Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı bir çox mühüm məsələlərə toxundu. Ölkə başçısının apardığı siyasət, bütün sahələrdə həyata keçirdiyi islahatlar hər bir vətəndaşı məmnun edir. Bəli, bu gün biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın nüfuzlu ölkələri sırasında dayanmağa nail olur. Müasir demokratik Azərbaycan dövlətinin yaradıcısı ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplərə sadiq qalaraq bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Vaxtilə Ulu Öndər deyirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Deputat qeyd edib ki, 31 illik müstəqillik tariximizin son 19 ili xüsusi ilə önəmlidir. Tarix üçün çox qısa olan, lakin bu müddəti addım-addım inkişaf yolu keçən bir ölkə üçün heç də az zaman deyil. Prezident İlham Əliyev ötən dövr ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirib. O, ümummilli lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirib. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənib, dünya miqyasında söz sahibinə çevrilib. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir. Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri, xarici və daxili siyasəti dəstəkləyir. Dövlət məmurları elə etməlidir ki, bu həmrəyliyə ziyan vurmasınlar, xələl gətirməsinlər. Çünki məhz bu siyasətin nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu.

2004-cü ildən başlanan Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində geniş abadlıq-quruculuq işləri görüldü, infrastruktur layihələr icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Rayonların sosial-iqtisadi inkişafına nail olmaq üçün mühüm infrastruktur layihələri, o cümlədən, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi və bu proses uğurla davam etdirilir.

Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar ailələrin, o cümlədən, qadın və uşaqların yaşayışına müsbət təsir göstərir. Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır və biz ölkə başçısının fəaliyyətində bunun əyani təsdiqini görürük. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrində davamlı və dinamik sürətlə inkişaf edir. Yaddan çıxmış və artıq tarixə çevrilən bir çox sahələr məhz Prezidentimizin təşəbbüsü ilə yenidən dirçəldilib. Baramaçılığın, pambıqçılığın, tütünçülüyün, əkinçiliyin, üzümçülüyün yenidən inkişafı həm də qadınlarımızın məşğulluğuna müsbət təsir göstərir. Sahibkarlığın, xüsusilə qadın sahibkarlığının inkişafı üçün geniş imkanlar yaradılıb. Həyata keçirilən dövlət siyasəti nəticəsində məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılması, kiçik və orta biznesin inkişafı istiqamətlərində mühüm nailiyyətlər əldə olunur.

H.Hüseynova qeyd edib ki, qəbul olunmuş bir sıra dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm xarakter daşıyır. Azərbaycan müstəqilliyini bərpa edəndə əhalimizin sayı 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Onların rifah halının yaxşılaşdırılması üçün iş yerlərinin açılması prosesi davamlı olmalıdır. Eyni zamanda, ödənişli sosial işlərin yaradılması da geniş tətbiq olunur. Ancaq bəzən təyin edilmiş məmurların məsuliyyətsiz fəaliyyəti vətəndaşları narazı salır, aparılan islahatlara kölgə salır, insanlarda haqlı olaraq ümidsizlik hissi yaradır. Əlbəttə ki, bütün bunlar dövlət başçısının nəzərindən yayınmır. Məmur-vətəndaş münasibətləri vətəndaş məmnunluğu üzərində qurulmalıdır. İcra başçıları bütün kəndlərdə olmalı, əhalinin qayğıları ilə yaşamalı, onları narahat edən problemləri öyrənməlidir. Onlar öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidir. Sosial ədalət, sağlam cəmiyyətin təməl prinsiplərindəndir. Bu prinsip imkan verir ki, insanlar daha normal şərtlər daxilində yaşasın. Bu isə məmurdan optimal idarəetmə, yaradıcılıq, adekvatlılıq, insanlarla ünsiyyət qurmaq və digər bilik və bacarıqlar tələb edir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaqdır. Prezident İlham Əliyevin Masallı, Lerik və Göygöl Rayon İcra hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı qeyd etdi ki, idarəetmədə çox ciddi islahatlar aparılır. Bu islahatlar çox müsbət nəticələr verir. Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız, xüsusən də qadın və uşaqlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görülüb. Həssas sosial təbəqələrin, o cümlədən şəhid ailələri, qazilər, Birinci və İkinci Qarabağ müharibələrinin veteranları, qaçqın, keçmiş məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, şəhid ailələrinə, qazilərə, veteranlara xüsusi diqqət göstərilməlidir. İkinci Qarabağ müharibəsindən əvvəl və sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minlərlə minik maşınları verilib. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır. Heç kim unutmamalıdır ki, onların cəsurluğu, qorxmazlığı sayəsində, qanları-canları hesabına Vətənimiz işğalçılardan azad olunub. Ona görə də şəhid ailələrinə, müharibə əlillərinə arxa olmaq, onlarla yaxından maraqlanmaq hər bir dövlət məmurunun və hər bir insanın vəzifə və mənəvi borcudur. Biz müzəffər xalq kimi və ləyaqətlə yaşayırıq. Ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem və ədalətsizlik olmasın. Azərbaycanın çox böyük perspektivləri və potensialı var. Xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərdən sonra bu imkanlar daha da artıb.

Ümummilli Lider Heydər Əliyev deyirdi ki, Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir. Biz inanırıq ki, dövlətimiz qarşısına qoyduğu bütün məqsədlərə çatacaqdır. Bu inamı isə dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha da gücləndirirlər.