“Mental arifmetika klubunun təşkili və davamlı inkişafı” layihəsi icra olunur

Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VI Qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Mental arifmetika klubunun təşkili və davamlı inkişafı” layihəsi Bakı şəhər Nərimanov rayonu 212 №-li tam orta məktəb tərəfindən icra olunmağa başlamışdır. 
9 (doqquz) ay müddətində icra olunacaq layihənin əsas məqsədi ibtidai siniflərin onlayn öyrətmə platforması Khan Academy əlçatanlığını və səmərəli istifadəsini təmin etməklə şagirdlərdə riyazi və məntiqi təfəkkürü, hesab (sürətli hesablama) bacarıqlarını və yüksək IQ qabiliyyətini inkişaf etdirməkdir. Layihənin digər əsas məqsədi ilkin riyaziyyat və arifmetikanı yüksək mənimsə üçün 2-ci və 3-cü siniflərdə təhsil alan uşaqlarda diqqət, dəqiqlik, konsentrasiya, fotomental yaddaş və yaradıcı yanaşma keyfiyyətləri formalaşmasına dəstək verməkdir.  
İcra planına uyğun oktyabr ayından layihənin hazırlıq işlərinə başlanılmış, KİV, sosial mediada tanıtım, fəaliyyət haqda məlumat verilmiş, sosial şəbəkələrdə paylaşımlar edilmiş, facebook səhifəsi, WhatsApp qrupu yaradılmış, layihə heyəti və könüllülər seçilmiş, tərəfdaşlar olan ADTGT İctimai Birliyi və Khan Academy Azerbaijan-la müzakirə aparılmış və əməkdaşlıq qurulmuşdur.
Növbəti mərhələdə məktəbin müəllim və rəhbər heyətinin, layihə əməkdaşları, digər pedaqoq və ekspertlərin və eləcədə aidiyyətli qurum təmsilçilərinin iştirakı ilə layihənin ictimai təqdimatı təşkil olunacaq və keçiriləcək təlimlərdə iştirak edəcək ibtidai sinif müəllimləri üçün elanlar veriləcək, seçim üçün qeydiyyat forması - ərizə-anket yaradılacaq, tədbirlərin proqram, qiymətləndirmə və digər sənədlərinin, o cümlədən, təlim materiallarının hazırlanmasına başlanacaq.
İrəliləyən aylarda 212 №-li tam orta məktəbdə işləri davam etdirəcək müəllimlər üçün peşəkar təlim kursu keçiriləcək, onların qiymətləndirilməsi aparılacaq, layihəyə qatılacaq müəllimlərlə texniki məsləhətləşmə aparılacaq və layihə üçün məktəbə alınacaq planşet və digər texniki vasitələrlə ibtidai sinif müəllimlər tərəfindən praktik fəaliyyət təşkil olunacaq.
Eyni zamanda layihənin sosial media üzərindən geniş PR fəaliyyəti təşkil olunacaq, sosial şəbəkələrdə təhsil işçilərinin fəallığı ilə təbliğat maarifləndirmə işləri aparılacaq və mövzuya uyğun motivasiyaedici sosial çarx hazırlanacaq və onlayn platformalarda yayılacaq.
Davamlılıq üçün virtual şəbəkə formalaşacaq və gələcək fəaliyyətlərə yönələn addımlar atılacaq.