Misilsiz xidmət

“Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev haqqında danışarkən öncə Azərbaycan qarşısında xidmətləri və xalqına qoyduğu miras yada düşür. Ulu Öndərimizin xalq və dövlət qarşısındakı xidmətləri ölçüyəgəlməzdir, misilsizdir. Bu xidmətlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Millətinin və dövlətinin taleyüklü anlarında, ən çətin vaxtlarında yanında olmaq və onu uçurumun kənarından xilas etmək hər insana, hər siyasətçiyə, hər dövlət başçısına müəssər olmur. Bunun üçün bütün keyfiyyətlərə malik olmaq gərəkdir. Ulu Öndər Heydər Əliyevdə də sadaladığımız bütün keyfiyyətlər cəmləşmişdi. Və bu keyfiyyətlər sayəsində dağılmaqda, məhv olmaqda olan Azərbaycan bu gün dirçəlib, inkişaf edib, dünyanın tərəqqi etmiş ölkələri sırasına qoşulub”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

 

A.Hüseynov bildirib ki, Ümummilli liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır: “Ulu Öndərimiz xalqa bağlı insan, əvəzolunmaz şəxsiyyət, prinsipial dövlət xadimi idi. Hakimiyyətinin həm birinci, həm də ikinci dönəmində vahid amal uğrunda mübarizə aparırdı, xalqın firavanlığı, dövlətin inkişafı onun həyat fəlsəfəsi idi. Azərbaycan dilinin, elmi, ədəbi, mədəni abidələrin tədqiqi və qorunması, dövlət quruculuğu, iqtisadi inkişaf, imperialist qüvvələrin korporativ maraqlarına xidmət edən avantürist subyektlərin zərərsizləşdirilməsi, təhlükəsizlik və ölkədaxili stabillik, hərbi sahənin inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi vacib əhəmiyyətli addımların atılması dahi siyasətçinin sadalanan keyfiyyətlərindən az bir qismidir. 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə qəbul eilən müstəqil Azərbaycanın Konstitusiyası da Ümummilli Liderin böyük xidmətlərindən biridir. Ulu Öndər ölkəmizdə iqtisadi dirçəlişin, qadın və gənclər siyasətinin, hərbi sənaye quruculuğunun banisidir. Heydər Əliyev hər zaman Azərbaycan iqtisadiyyatının inkişafına böyük önəm verib. 1969-cu ildə Azərbaycan keçmiş SSRİ-də, demək olar ki, iqtisadiyyatı ən geridə qalmış respublikalardan biri idi. Ümummilli lider rəhbərliyə gəldiyi ilk gündən Azərbaycanın güclənməsini, keçmiş ittifaq daxilində olsa belə, iqtisadi baxımdan müstəqilləşməsini qarşıya məqsəd qoydu və qısa müddətdə onu həll etdi. Artıq 1982-ci ildə Azərbaycan iqtisadiyyatın inkişaf səviyyəsinə görə SSRİ-də öncüllər sırasında dayanırdı. Müstəqillik dövründə də əvvəlki siyasət davam etdi, azad bazar iqtisadiyyatına uğurlu keçid sayəsində ölkədə orta və kiçik sahibkarlıq sürətlə inkişaf etməyə başladı. Ulu öndərin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğı barədə danışmamaq olmaz. Bu diqqət və qayğı sayəsində ölkəmizdə həyatın bütün sahələrində xüsusi fəallıqları ilə seçilən gənclər cəmiyyətin məsul və şərəfli yükünü öz çiyinlərində daşıyırlar”.