Müdrik çıxış yolu

Elm sahəsində, daha konkret desək, siyasiləşmiş və Mehdiyevin intiriqa yuvasına çevrilmiş AMEA-nın fəaliyyətindəki axsamalara ən doğru və yerində reaksiya dövlət başçısından gəldi. Cənab prezident məsələni necə deyərlər, kökündən həll etdi. Dünən imzaladığı "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanla cənab İlham Əliyev Təhsil Nazirliyinin əvəzində Elm və Təhsil Nazirliyini yaratdı, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər bu struktura həvalə edildi, AMEA-nın müəssisə və təşkilatları, 3 muzey istisna olmaqla bu Nazirliyin balansına verildi. Eyni zamanda, Nazirliyin yanında Elm və Ali Təhsil üzrə və Məktəbəqədər və Ümumi Təhsil üzrə olmaqla iki Dövlət Agentliyi formalaşdırıldı.

Bir daha o fikrimə qayıdıram ki, bu addım mövcud mürəkkəb vəziyyətdən çox yerində və müdrik çıxış yolu oldu. İlk növbədə ona görə ki, verilən qərar həm həll yönümlüdür, həm də kifayətə qədər həssas bir kontingent olan akademiyanın heyəti prosesdən narazı qalmadı. O cümlədən, bu qərarla elm ocağının ətalətdən qurtulması, akademiyanın çevik bir struktura çevrilməsi üçün əla şans yarandı.

Hesab edirəm ki, bundan sonra Elm və Təhsil Nazirliyinin fəaliyyətindən çox şey asılıdır. Əlbəttə, bu günə qədər Təhsil nazirliyi özlüyündə çoxsaylı uğurlara imza atıb, lakin, unutmaq olmaz ki, artıq Nazirliyin idarə edəcəyi kontingentdə köklü kəmiyyət dəyişikliyi olacaq. Bu mənada, yeni situasiyada Nazirlik indiyə qədərki iş prinsiplərini bir daha təhlil etməli, müsbət məqamlar qətiyyətlə qorunmalıdır. Eyni zamanda Nazirlik göstərilən bu ali etimada qrant layihələri, müəllimlərin müsahibələri, dərsliklərin hazırlanması, kadr siyasəti və ideoloji işdə müşahidə olunan bəzi xoşagəlməz situasiyalara son qoymaq, Soros və Feto ideologiyasından tam qurtula bilməyənlərdən arınmaq üçün yeni bir başlanğıc fürsəti və şans kimi baxmalıdır.

Bir sözlə, dövlətin, şəxsən möhtərəm Prezidentin iradəsi ortadadır, cənab İlham Əliyev böyük ustalıqla çox həssas bir məsələdə ağrısız, səs-küysüz və sabit bir keçidi təmin etdi. Bundan sonra əsas vəzifə isə prosesin siyasiləşmədən, radikal meyllərə və 5-ci kolona meydan vermədən sabit və məqsədyönlü davamına nail olmaqdır.

Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı