Naxçıvan şəhərində yaşayan şəhid ailələri ziyarət olunub 

Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Qaraxanbəyli, Qaraçuq və Tunbul kəndlərində yaşayan şəhid ailələri ziyarət olunub. Tədbir iştirakçıları bu məqsədlə şəhidlərimiz – Məmmədov Sahil Rasim oğlu, Eyvazov İslam Həsən oğlu, Məmmədov Pərviz Zahid oğlu, İbrahimov Seymur Zamin oğlu və Məmmədov Araz Qəhrəman oğlunun ailə üzvləri ilə görüşərək onların həyatı, keçdiyi döyüş yolu və qəhrəmanlıqları barədə məlumatlandırılıblar. Gənclər və idman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər. İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti barədə məlumat verilib, qeyd olunub ki, Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ailə üzvləri şəhid övladlarının xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verib, onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, öz xatirələrini bölüşüblər. Qeyd edək ki, şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaq məqsədilə şəhid ailələri davamlı olaraq ziyarət olunur. Bu kimi görüşlər bundan sonra da davam etdiriləcək.