Nazirdən qiymət arıtımı ilə bağlı XƏBƏRDARLIQ

Kənd təsərrüfatı naziri Heydər Əsədov ölkəmizə gübrə idxal edən şirkətlərin nümayəndələri və müvafiq qurumların rəhbərləri ilə görüşüb. Nazirlikdən  verilən məlumata görə, nazir ölkədə fermer və sahibkarların gübrəyə olan tələbatı barədə toplantı iştirakçılarına geniş məlumat verib.
Nazir bildirib ki, cari ildə ölkəyə tələbata uyğun kifayət qədər gübrə gətirilib, buna görə də ehtiyatda olan gübrələrin satışında vahid qiymət siyasəti yeridilməlidir. H. Əsədov şirkət rəhbərlərinə xatırladıb ki, bu gün ölkəyə gətirilən gübrələr manatın keçmiş kursu ilə alındığına görə heç bir qiymət artımından söhbət gedə bilməz. Gübrələr öz keyfiyyətinə görə müasir standartlara cavab verməli və kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzətlə "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon Aqroservis filiallarında, həmçinin şirkətlərin satış məntəqələrindən satılmalı,  eyni zamanda qiymətlər dövlətin müəyyən etdiyi qaydalara müvafiq olaraq sabit qalmalıdır.
"Biz heç bir zərər çəkmədən fermerlərin  maraqlarına münasib qiymətləri tənzimləməliyik. Bu gün fermerlərin gübrəyə olan tələbatı tam ödənilir. Gübrələrin keyfiyyəti Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən laboratoriyalarda ciddi yoxlanılacaq və nazirlik gübrə bazarında qiymətlərin tənzimlənməsi üçün vaxtaşırı monitorinqlər keçirəcək"-deyə, nazir əlavə edib.