Novruz Aslanovun səyyar görüşləri davam edir - FOTOLAR

Millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti dəfə səfər edib. Yay aylarında seçicilərlə qəbullar əsasən səyyar formada kəndlərdə keçirilir. Qəbullarda yaxın ərazidə yerləşən digər kənd sakinləri də gələrək iştirak edirlər.  

Sabahinfo.az xəbər verir ki, iyulun 7-də millət vəkili Basqal qəsəbəsində seçiciləri ilə görüş keçirib. Xankəndi kənd sakinləri də bu görüşdə iştirak ediblər. Sakinlər bu görüşə görə Novruz Aslanova təşəkkür ediblər. Görüşdə sakinləri maraqlandıran müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Deputat sakinlərin qaldırdığı problemləri dinləyib, müxtəlif məsələlərə dair öz münasibətini bildirib, məsləhət və tövsiyələrini verib. 

Görüşdən sonra bir neçə sakin millət vəkili tərəfindən fərdi qaydada qəbul edilib. Onlar öz problemləri barədə deputata məlumat veriblər. Əsasən məşğulluq, şəxsi məişət problemi və sosial məsələlərlə bağlı Novruz Aslanova müraciət edilib. Millət vəkili müraciətlərə müvafiq qaydada baxılacağını bildirib. Bəzi məsələlərə dair əlaqədar qurumlara müraciətin ediləcəyi sakinlərin diqqətinə çatdırılıb.