Novruzəli Aslanov: “Azərbaycan dövləti gənclərə diqqət və qayğısını bundan sonra daha da gücləndirəcək”

“Artıq üçüncü ildir ki, Azərbaycan qalib ölkə olaraq öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır. Xalqımız Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə ölkənin ərazi bütövlüyünü bərpa etdi, 30 ilə yaxın işğal altında olan torpaqlarını geri qaytardı. Birmənalı olaraq demək lazımdır ki, bu böyük Zəfərin əldə olunmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynayıb. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimizin şücaəti və fədakarlığı sayəsində bu tarixi Qələbə əldə olundu, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Qeyd olunmalıdır ki, bu gün Azərbaycanda yüksək vətənpərvər ruhlu gəncliyin formalaşmasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti aparıcı rol oynayır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı gənc nəslin milli-vətənpərvər ruhda formalaşması, gənclər arasında sağlam həyat tərzinin təbliği və ümumiyyətlə gəncliyin inkişafı ilə bağlı bütün məsələlərə diqqətin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsini təmin etdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Ümummilli Lider Heydər Əliyev hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırılmasında ölkə gəncliyinin potensialına ehtiyac duyulduğunu hər kəsdən yaxşı bilir və düzgün qiymətləndirirdi. Məhz bu potensialın reallaşdırılmasına şərait yaratmaq məqsədilə Ulu Öndər müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə bir çox mühüm sənədlər imzalayıb. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər gənclərimizin qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bundan sonra təşkil olunan Forumlarda mütəmadi olaraq çıxış edən Ümummilli Liderimizin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdu. Məhz Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.”

Bu sözləri 2 fefral Gənclər günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat qeyd edib ki, bu gün ölkəmizdə həyata keçirilən Gənclər siyasəti, bu sahədə atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu strategiyasının təzahürüdür: “İlk növbədə birmənalı olaraq qeyd etmək lazımdır ki, hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti Azərbaycanda həyata keçirilən və bütün digər sahələri də əhatə edən ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Əgər Azərbaycan gəncliyi bu gün ölkənin ictimai həyatının bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirsə, siyasi, iqtisadi, humanitar, sosial layihələrin həyata keçirilməsində mühüm rol oynayırsa, bu, birbaşa dövlət Gənclər siyasətinin effektivliyinin göstəricisidir. Məhz dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclik hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və ölkəmizin gələcəyi naminə inamlı addımlar atmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərin potensialının reallaşmasına, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn əhatəli və irimiqyaslı tədbirləri dövlətin məhz sabaha, gələcəyə hesablanmış siyasətinin göstəricisidir. Bu siyasət gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu gün Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut edirlər. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Heç bir şübhə yoxdur ki, Azərbaycan dövləti gənclərə diqqət və qayğısını bundan sonra daha da gücləndirəcək, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması, cəmiyyətin bütün sahələrində fəal iştiraklarının təmin olunması üçün məqsədyönlü addımlar atacaqdır”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.