Novruzəli Aslanov: “Beynəlxalq hüququn işləməməsi ədalətsiz və təhlükəli tendensiyadır”

 

“Çar Rusiyasının siyasəti nəticəsində ermənilər XIX əsrin əvvəllərində Qarabağa köçürülmüş və elə həmin vaxtdan xalqımıza qarşı düşmənçilik siyasəti yürütməyə başlamışlar. Bu etnos tarixi torpaqlarımızda məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməklə, münbit əraziləri ələ keçirməklə və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmaqla məşğul olmuşlar. Rusiya inqilabları fonunda erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Məhz həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Həmçinin sovet dönəmində də xalqımıza qarşı bu siyasət davam etmişdir. Təkcə 1948-1953-cü illərdə Ermənistandakı tarixi torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə, daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir.”

Bu sözləri aia.az verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat həmçinin bildirib ki, Ermənistan ötən əsrin sonlarında Azərbaycan torpaqlarını işğal edərək azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı xalqımıza qarşı əsil qətliamlar törətmişdir: “1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. 1994-cü ilə qədər xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Bundan başqa Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Qeyd etmək lazımdır ki, ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmiş və Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.”

Daha sonra N.Aslanov Azərbaycana öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa bir seçim buraxılmadığını və ölkəmizin məhz bu səbəbdən 2020-ci il 27 sentyabr tarixində hərbi əməliyyatlara başlamaq məcburiyyətində qaldığını qeyd edib: “Vətən müharibəsinin başladığı günə qədər keçən 30 ilin təcrübəsi göstərdi ki, beynəlxalq hüquq normaları heç də bütün ölkələrə eyni qaydada şamil olunmur. Güclü dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları isə icra etmirlər. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən dörd qətnamənin bütün bu illər ərzində icra olunmaması da bunu bir daha təsdiq etdi. Qeyd etmək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyev ən mötəbər beynəlxalq təşkilatlarda etdiyi çıxışlarında bu tendensiyanın ədalətsiz və eyni zamanda təhlükəli olduğunu dəfələrlə vurğulamışdır. Məhz bu təhlükələrdən özünü qorumaq üçün də Azərbaycan dövləti öz hərbi qüdrətini artırmağı ən vacib prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Elə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz də 2003-2020-ci illər ərzində cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edilib. Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor məhz ölkəmizdə xüsusilə müharibəyə qədər keçmiş 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amilidir. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, bu illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Lakin Ermənistan hələ Vətən müharibəsindən xeyli əvvəl ona edilən xəbərdarlıqları düzgün qiymətləndirə bilmədi. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. 44 gün davam edən Vətən Müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.”

Öz açıqlamasında Milli Məclisin deputatı Azərbaycanın 19 sentyabrda başladığı antiterror tədbirlərinin son üç ildə müşahidə olunan məlum destruktiv proseslərin məntiqi nəticəsi olduğunu da vurğulayıb: “Birmənalı olaraq demək lazımdır ki, son günlərdə müşahidə etdiyimiz hadisələr birbaşa rəsmi İrəvanın və onun xarici havadarlarının ölkəmizə qarşı qeyri-adekvat, əksər hallarda isə açıq-aşkar düşmən münasibət sərgiləmələrinin gözlənilən nəticəsi idi. Ermənistan Vətən müharibəsindəki acı məğlubiyyətindən düzgün nəticələr çıxara bilmədi. Son üç ildə bu ölkənin rəhbərliyi demək olar bütün vacib məsələlərdə destruktiv mövqelərdən çıxış etdi, Aərbaycana qarşı düşmənçilik siyasətini davam etdirdi. 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şətlərini kobud şəkildə pozan rəsmi İrəvan silahlı qüvvələrinin birləşmələrini Azərbaycan ərazilərindən çıxarmadı. Ölkəmizə qarşı həyata keçirilən mina terroru nəticəsində son üç ildə 300 nəfərdən çox vətəndaşımız həlak oldu. Həmçinin 19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri son terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla daha 6 Azərbaycan vətəndaşı dünyasını dəyişdi. Məhz bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi bir gün ərzində qəhrəman hərbçilərimiz qarşıya qoyulmuş bütün vəzifələri uğurla yerinə yetirdilər. Sentyabrın 20-də Azərbaycan xalqına müraciətlə çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış erməni ordusunun böyük hissəsi tamamilə məhv edildi. Əfsuslar olsun ki, antiterror tədbirlərinin gedişində Azərbaycan da şəhid vermişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgər və zabitlərimizə şəfa versin. Lakin şəhidlərimizin qanı əbəs yerə axmadı. Cəmi bir gün davam etmiş döyüşlərin nəticəsində qanunsuz silahlı birləşmələr artıq Azərbaycanın şərtlərini qəbul etməyə hazır olduqlarını bəyan etdilər və ağ bayraq qaldıraraq, təslim oldular”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.