Novruzəli Aslanov: “Misir hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən olub”

“Yanvarın 28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında bir çox vacib sənədlər imzalanmışdır. O cümlədən “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Misir Ərəb Respublikasının Su Ehtiyatları və Suvarma Nazirliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” Azərbaycan ilə Misir arasında əməkdaşlıq əlaqələrinin daha dinamik inkişafına xidmət edəcək. Sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış edən Azərbaycan və Misir Prezidentləri də öz çıxışlarında ölkələrimiz arasında münasibətlərin dərinləşdirilməsinin və genişləndirilməsinin vacibliyini qeyd ediblər.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat qeyd edib ki, Azərbaycan ilə Misir beynəlxalq müstəvidə hər zaman bir-birini dəstəkləyən dövlətlər olublar və bu, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bundan sonra daha da inkişafı üçün əlverişli zəmin olduğunu deməyə əsas verir: “Məlumdur ki, Misir Ərəb Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb. 1993-cü ilin aprel ayından Misirin Bakıda və 1994-cü ilin yanvar ayından Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyətə başlayıb. Diqqətəlayiq haldır ki, Misir keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdən olub. Bu gün də Azərbaycan ilə Misir BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birilərinə qarşılıqlı dəstək göstərirlər. Öz çıxışında cənab Prezident İlham Əliyev bir daha əksər beynəlxalq təşkilatların bu gün artıq öz funksionallıqlarını itirmək üzrə olduqlarını diqqət mərkəzinə gətirdi. Əlbəttə ki, konkret olaraq BMT-nin 30 il ərzində dörd Qətnaməsinin Ermənistan tərəfindən icra olunmaması bunun ən bariz sübutudur. Məhz buna görə də BMT-də islahatların aparılması məsələsi ən aktual problemlərdən biri kimi gündəmdədir. Dövlətimizin başçısı bu islahatlara böyük ehtiyac olduğunu bir daha vurğuladı və bildirdi ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Cənab Prezident qeyd etdi ki, bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır.”

Daha sonra N.Aslanov Azərbaycan və Misir Prezidentləri arasında regional təhlükəsizlik məsələlərinin müzakirə olunmasını son dərəcə əhəmiyyətli bir məqam olduğunu vurğulayaraq bunları deyib: “Məlumdur ki, Azərbaycan beynəlxalq terrorizmdən ən çox əziyyət çəkən ölkələrdən biridir. Hətta ölkəmiz Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində öz ərazi bütövlüyünü bərpa etdikdən sonra da Azərbaycana olan hücumlar davam edir. O cümlədən ermənilərin bizim ərazilərdə basdırdıqları minalar da, Azərbaycan ərazisindən tam olaraq çıxarılmamış erməni silahlı terrorçu dəstələri də insanlarımızın təhlükəsizliyinə ciddi təhdid təşkil edir. Təəssüflər olsun ki, bu günlərdə Azərbaycanın İrandakı səfirliyinə olunan hücum bu təhdidlərin heç də təkcə Ermənistan tərəfindən gəlmədiyini bir daha təsdiqlədi. Əlbəttə ki, Azərbaycan dövləti bütün bu təhdidləriq qarşısını almağa qadirdir və bunun üçün kifayət qədər gücü var. Bununla belə beynəlxalq terrorçuluqla mübarizə də məhz beynəlxalq səviyyədə aparılmalıdır. Bu baxımdan Azərbaycan və Misir Prezidentləri arasında regional təhlükəsizlik məsələlərinin müzakirə olunması xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəni gücləndirməyə böyük ehtiyac var. Çünki beynəlxalq terrorçuluq bütün dünya üçün böyük təhdiddir və bu təhlükəyə qarşı ancaq səylərin birləşdirilməsi nəticəsində uğurla mübarizə aparmaq mümkün olacaq”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.