Odlar Yurdu Universitetində tədbir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə
"Dialoq və İnkişaf Naminə" İctimai Birliyi (DİNİB) "Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması" adlı layihəsinin icrası Azərbaycan Respublikasının Gəncliyə Yardım Fondunun dəstəyi ilə davam edir.

TurkicWorld-un məlumatına görə, DİNİB - in növbəti konfransı Odlar Yurdu Universitetində keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin canlı səsləndirilməsi ilə açıq elan edilib.

Daha sonra vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Ulu Öndər Heydər Əliyevin anım günü hörmət və ehtiramla anılıb.

Tədbirdə “Dialoq və İnkişaf Naminə” İB-nin (DİNİB) idarə heyətinin üzvü Günay Hacıyeva layihə barədə məlumat verib.

Daha sonra “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışıb. Milli dövlətçilik və milli-mənəvi dəyərlərin vacibliyindən söz açan Çingiz Bayramov xalqımızın bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub saxlaya bildiyini diqqətə çatdırıb.

Tədbirdə İlahiyyat İnstitutunun İslamşunaslıq kafedrasının müdiri Dr. Əhməd Niyazov, Gəncliyə Yardım Fondunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Dr. Eldar Kərimov, Beynəlxalq təlimçi Dr.Marco Emanuel, “Dialoq və İnkisaf Naminə” İctimai Birliyin təsisçilərindən biri və idarə heyətinin üzvü Dr. Aydın Talışinskiy, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev, "Çataq sosial maarifləndirmə” İctimai Birliyin idarə heyətinin sədri Samir Pənəliyev çıxış ediblər.

Çıxışlarda gənclərin milli-mənəvi dəyərlərinin inkişafının, milli məfkurəmizin gələcək nəsillərə ötürülməsinin, xalqımızın tarixi azərbaycançılıq ideyalarının daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışılıb.