Ölkələrimizi ortaq tarixi keçmişə söykənən dostluq əlaqələri birləşdirir

Son illərdə Azərbaycanla əlaqələri sürətlə inkişaf edən ölkələrdən biri də Tacikistandır. Mərkəzi Asiya dövləti olan Tacikistanla Azərbaycan arasında illərdir dostluq, qardaşlıq əlaqələri mövcuddur və bu əlaqələr getdikcə möhkəmləndirilir. Prezident İlham Əliyevin Tacikistana, Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana mütəmadi səfərləri və bu səfərlər zamanı imzalanan sənədlər münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verir. Qarşılıqlı səfərlərin dərinləşməsi fonunda bu əməkdaşlıq əlaqələri daha da möhkəmlənir. Bu gün Azərbaycan-Tacikistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimizi ortaq tarixi keçmişə söykənən dostluq əlaqələri, həmçinin Azərbaycan və Tacik xalqlarının çoxəsrlik mədəniyyət, dostluq münasibətləri, dini dəyərlər və ənənələr birləşdirir. Bu da iki ölkə arasındakı əlaqələrin daha da inkişafına zəmin yaradır.

Cari ilin Mayın 23-də Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana növbəti dövlət səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaqdır.

Səfər çərçivəsində prezidentlərin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətlə bağlı məsələlər geniş müzakirə edildi. Azərbaycan ilə Tacikistan arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalandı. Sənədlərin imzalanmasından sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. İmzalanan sənədlər Azərbaycan-Tacikistan münasibətlərinin müqavilə-hüquq bazasını möhkəmləndirir. Dövlət başçısı əmin olduğunu vurğuladı ki, imzalanmış sənədlər qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək. 

Tacikistan Prezidenti Emoməli Rəhmon iki ölkə arasındakı layihə və proqramların uğurla həyata keçirildiyindən söz açaraq deyib: “Danışıqlar zamanı bir daha Azərbaycan şirkətlərinin və maliyyə qurumlarının Tacikistanda layihə və proqramların həyata keçirilməsində iştirak imkanlarını prioritet qaydada nəzərdən keçirməyə hazır olduğumuzu bildirdik. Bakıda səfərimiz çərçivəsində keçirilən biznes-forum tərəflərin iqtisadi-ticari əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlara malik olduqlarını göstərdi. Ümidvaram ki, onun nəticələri bu gün imzalanmış ikitərəfli sənədlərlə yanaşı, bu istiqamətdəki əməkdaşlığımıza da təkan verəcək. Tacikistan-Azərbaycan əlaqələrinin inkişaf dinamikası göstərir ki, tərəflər qarşılıqlı faydalı çoxşaxəli iqtisadi əlaqələrin dərinləşdirilməsində, siyasi əlaqələrin möhkəmləndirilməsində maraqlıdırlar. Ən əsası da odur ki, qarşılıqlı etimad və tərəfdaşlıq ruhunda ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün tərəflərin qarşılıqlı istəyi var. Tacikistan Prezidenti Emoməli Rəhmon qeyd etdi ki, Tacikistanda Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafına şəxsi töhfəsi yüksək qiymətləndirilir: “Bu gün regionun ən böyük sənaye, iqtisadi və elmi-texniki mərkəzlərindən biri olan qədim tarixə malik gözəl Bakı şəhərini növbəti dəfə ziyarət etdiyimə görə çox şadam. Azərbaycan paytaxtının təkrarolunmaz siması ölkənin dinamik sosial-iqtisadi inkişafının və Azərbaycan xalqının rifahının davamlı olaraq yüksəlməsinin təcəssümüdür.”
Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29 da keçirilən görüşlərdə əsas müzakirə mövzusu oldu. Dövlət başçısı İlham Əliyevin “İlin sonunda Emoməli Şaripoviç yenidən ölkəmizə səfər edəcək, biz bir daha bütün məsələləri nəzərdən keçirəcək və verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik. Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər” fikirləri də bunun təsdiqidir. 

Fidan Hüseynova,

YAP Quba rayon təşkilatının sədri