"Ölkəmizi, Yeni Azərbaycan Partiyasını daha möhtəşəm uğurlar gözləyir"

«İllər keçdikcə hər bir hadisənin mahiyyəti daha dərindən dərk olunur, düzgün dəyərləndirilir. 30 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyası həmin dövrün tələbi, xalqın istəyinin ifadəsi olaraq yarandı. Yarandığı gündən xalqa, dövlətə xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP milyonların sevgisini qazandı. Bu mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, partiya müxalifət partiyası kimi yaransa da heç zaman dövlətə, dövlətçiliyə qarşı müxalfətdə dayanmadı. “Yeni müstəqil Azərbaycan uğrunda” devizinin əsasında təsdiqlənən Proqramında qarşıdakı dövrün əsas hədəfləri öz əksini tapmışdı. YAP bu illər ərzində təsis konfransında qəbul olunan Nizamnaməsinə və Proqramına uyğun olaraq addımlar atdı, hər bir hədəfə yüksək səviyyədə nail oldu.  Partiyanı ümümxalq  partiyasına çevirən mühüm amillərdən biri onun adının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasıdır. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi liə hakimiyyətə qayıdışından sonra həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir dövr başladı.  Tutduğu yola, əqidəyə sadiqliyi, sözlə əməl birliyi hər bir uğuruna bələdçilik edir. YAP populizmdən uzaq partiyadır.”

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili qeyd edib ki, ulu öndər Heydər Əliyev partiyanın gələcəyinə daim böyük inamla yanaşıb: “Onun “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri də bu inamdan və etimaddan irəli gəlirdi. Ümummilli Liderin bu inamını, həmçinin “Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daim yaşayacaqdır. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvlər gələcəklər, bu partiyanın prinsiplərini günü-gündən yüksəklərə qaldıracaqlar və Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinə xidmət edəcəkdir” fikirləri ilə ifadə edərək onu əlavə etmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında yaşamaq, yaratmaq hüquqi əldə edib. Yeni Azərbaycan Partiyası daim yaşayacaq və Azərbaycan vətəndaşlarının istək və arzularını əks etdirən böyük bir təşkilat olacaq.”

“Bu gün bu inamı reallıqda aydın şəkildə görürük. Partiya cəmiyyətin avanqard qüvvəsinə çevrilərək xalqımızın bütün arzu və istəklərini həyata keçirir. Partiyada müxtəlif kateqoriyadan olan insanların birləşməsi onun ümumxalq partiyası olmasını şərtləndirən amillər sırasındadır. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar, atdığı hər bir addım Azərbaycanın bu gününə və gələcəyinə hesablanıb. Ölkədə gedən proseslərin mərkəzində olan YAP-ın irəli sürdüyü təşəbbüslərə diqqət yetirmək kifayətdir. O da məlumdur ki, Yeni Azərbaycan Partiyası 2019-cu ilin sonlarında ölkədə gedən islahatlar prosesinin qanunverici orqanda da öz əksini tapması üçün Milli Məclisin buraxılması və növbədənkənar  parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs əsasında  2020-ci ilin fevralında ölkəmizdə demokratik inkişafın növbəti göstəricilərindən olan növbədənkənar parlament seçkiləri keçirildi”, - deyə Əliabbas Salahzadə bildirib.

Millət vəkili vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli yol Azərbaycanın müasir tarixinin ən önəmli hadisələri sırasındadı: “Dövlət başçısı, YAP Sədri tarixi Zəfərimizin reallıqları fonunda partiyanın ötən il keçirilən VII qurultayında bu məqamı böyük inamla və qürurla qeyd etdi ki, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş-1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Cənab İlham Əliyev bu çağırışı etdi ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər: “Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox.”

Ə.Salahzadə onu da qeyd edib ki, hər dövrün öz tələbi, vəzifəri vardır: “Hazırkı dövrdə tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Prezident, YAP Sədri İlham Əliyevin ötən il partiyanın qurultayında yeni dövrün bütün məsələlərini özündə əks etdirən Proqramının hazılanması ilə bağlı tapşırığı yerinə yetirildi və 5 fəsildən ibarət yeni Proqram təsdiqləndi. Yeni sənəd özündə postmünaqişə dövrünün reallıqlarını əks etdirir.  Azərbaycan dövləti, Yeni Azərbaycan Partiyası əldə edilən uğurlarla kifayətlənmir, daim irəli baxır. Vaxtilə “Yeni müstəqil Azərbaycan uğrunda” deyən Yeni Azərbaycan Partiyası artıq yeni Proqramında “Biz birlikdə güclüyük!” çağırışını edir. Bu çağırışın mahiyyətində dayanan əsas məqam bundan ibarətdir ki, 44 gündə yumruq kimi birləşib 30 ilin işğalına necə son qoyuldusa, bu birliyimiz, gucümüz əsasında yeni hədəflərə də zamanında və yüksək səviyyədə nail olacağıq. Ölkəmizi, Yeni Azərbaycan Partiyasını daha möhtəşəm uğurlar gözləyir.”