Özbəkistan-Azərbaycan əlaqələrində yeni dövr başlayır

“Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri böyük tarixi hadisədir. Səfər çərçivəsində müzakirə olunan məsələlər, açılış mərasimlərində qarşılıqlı fikirlər iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğundan xəbər verir. Daşkənddə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan və Özbəkistan prezidentlərinin mətbuata bəyanatlarla çıxışları zamanı verilən açıqlamalar bütöv Türk dünyasının gələcəyini xarakterizə edir, münasibətlərimizin yol xəritəsidir”. 

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat bildirib ki, Prezident Şavkat Mirziyoyev çıxışında Özbəkistanda Azərbaycan ilə ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə xüsusi qiymət verildiyini qeyd edib: “Bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil etdiyi kimi, xalqlarımızı da çoxəsrlik tarix bağlar birləşdirir. Füzulinin əlyazmalarından birinin İlham Əliyevə təqdim edilməsi və Özbəkistanda belə əlyazmaların çox olduğunu hörmətli Mirzizoyevin dilindən eşitmək təbii ki, hər birimiz üçün xoşdur. Bu, bir daha onu göstərir ki, özbək xalqı əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük hörmət və maraq bəsləyir. Bəli, Özbəkistanla Azərbaycanı bir-birinə bağlayan tellər çoxdur. İki xalqın qarşılıqlı münasibətlərinin şanlı tarixi bu günümüzdə də əməkdaşlığımızı inkişaf etdirmək üçün möhkəm təməl yaradıb. Budəfəki səfər həm də çox önəmli bir günə təsadüf edib. Düz 25 il əvvəl Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Özbəkistana birinci rəsmi səfəri baş tutub. Məhz bu tarixi ildönümündə hər iki prezidentin iştirakı ilə Heydər Əliyevin adını daşıyan yenilənmiş küçəni və orada qoyulmuş abidənin açılış mərasimi baş tutub. Özbək xalqı Ulu Öndərimiz Heydər Əliyevin həm sovetlər dönəmində, həm də müstəqillik əldə etmiş Azərbaycanda fəaliyyətindən xəbərdardırlar. Onu da xüsusi olaraq qeyd edək ki, Heydər Əliyevin xidmətləri postsovet məkanında bütün dövrlərdə yüksək qiymətləndirilib və bu yanaşma bugünkü mütəqil Özbəkistanda da davam etməkdədir”. 

A.Hüseynov birgə mətbuat konfransında ölkə Prezidenti İlham Əliyevin Özbəkistanla Azərbaycanın əlaqələrində yeni bir dövrün başlandığı barədə açıqlamasını xalqlarımız arasında münasibətlərə müsbət təsir göstərəcəyinə inandığını xüsusi olaraq vurğulayıb:

“Prezidentimizin də dediyi kimi, nəticələr olacaq. Müvafiq nazirlər, dövlət strukturlarının rəhbərləri yaxşı başa düşürlər ki, prezidentlər qarşıya qoyulan məsələlərin yerinə yetirilməsinə nəzarət edəcək və onlardan cavab istəyəcəklər. Deməli bağlanan bütün müqavilələrin, sənədlərin icrasında heç bir tərəddüt olmayacaq. Bu məsələlərin icrası isə ona gətirib çıxaracaq ki, ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Bu gün dünya ölkələri daha çox inteqrasiya prosesində baş verən ləngimələrdən əziyət çəkirlər. O cümlədən də, həm Xəzər dənizi akvatoriyası ətrafındakı ölkələrin, həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz regionundakı ölkələrin sülhə və sabitliyə ehtiyacı olduğu kimi, inteqrasiya məsələsini arxa plana atmaq istəmirlər. Bütün bunların həyata keçirilməsi üçün də ölkə liderlərinin siyasi iradəsinə ehtiyac var. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi ilə bağlı layihələr barəsində əldə etdiyimiz razılaşmalar – bütün bunlar həm əmtəə dövriyyəsinin artırılması, həm də ölkələrimiz və xalqlarımız arasında daha artıq əməkdaşlıq üçün gözəl imkanlar yaradacaq”.