Prezident: “Açıq havada idmanla məşğul olmaq təcrübəsini bütün bölgələrə aparmalıyıq”

İdmanın kütləviliyinə gəldikdə isə hesab edirəm ki, bölgələrdə təbliğat daha geniş vüsət almalıdır.

Sabahinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında bildirib.

“Biz son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaratmışıq, trenajorlar quraşdırılıb. Hesab edirəm ki, biz bu təcrübəni bütün bölgələrə aparmalıyıq, orada tətbiq edilməlidir. Nazirlik, yerli icra orqanları bu məsələ ilə ciddi məşğul olsunlar. Çünki hər bir insanın bəlkə həm vaxtı, həm də maliyyə imkanları olmur ki, idman zallarına getsin. Ona görə açıq havada, - nəzərə alsaq ki, Azərbaycanın əksər yerlərində hava şəraiti il boyunca müsbətdir, - bunun çox böyük təsiri olacaq, həm insanların sağlamlığı üçün, həm də bütövlükdə idmanın inkişafı üçün. Ona görə hesab edirəm ki, buna böyük ehtiyac vardır”, - deyə dövlətimizin başçısı qeyd edib.