Prezident ildə bir az maaşları, pensiyaları, təqaüdləri artırsa, hər şey yaxşı olacaq…

Xalq artisti Bilal Əliyev Prezident İlham Əliyevin Sərəncamı ilə Xalq artistlərinə verilən təqaüdlərin 200 manata qaldırılmasına münasibət bildirib.

B.Əliyev Pravda.az-a müsahibəsində deyib ki, bu sərəncamdan bütün sənət adamları, Xalq artistləri kimi o da sevinib. “Bilirdim, əlbəttə, bütün Azərbaycan xalqı da bilir ki, Azərbaycanın Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev təkcə xalq artistlərinə deyil, hər bir vətəndaşına qayğı göstərir. Cənab İlham Əliyev bütün Azərbaycan vətəndaşlarının hər birinin Prezidentidir. O, hər bir insanı düşünür, qazilərimizə, veteranlarımıza, Xalq və Əməkdar artistlərimizə, hərbçilərimizə, həkimlərimizə, pensiyaçılarımıza - hamısına qayğı göstərir. Azərbaycanda elə bir sahə yoxdur ki, o sahəni cənab Prezident nəzarətində saxlamasın, qayğı göstərməsin. Fürsətdən istifadə edib, Ulu Öndərimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevə sonsuz təşəkkürümü, minnətdarlığımı bildirirəm ki, xalqının güzəranını gündən-günə bax belə yaxşılaşdırır. Xalqıma müraciət edib deyirəm ki, əziz xalqım, hamınızı cənab Prezident İlham Əliyevin ətrafında möhkəm birliyə çağırıram. Bir olaq ki, Azərbaycanımız daha da inkişaf etsin, cənnətə dönsün. Bu gün bu qədər qayğı göstərilirsə, sabah hamımız Prezidentimizin ətrafında möhkəm birləşsək, vəziyyətimiz daha da yaxşılaşacaq”, - Xalq artisti deyib.

 

Bilal Əliyev “incəsənət adamlarının təqaüdə ehtiyacları yoxdur, həmin məbləğ digər sosial məsələlərə yönəldilsin” deyənlərə isə belə cavab verib: “Heç də düzgün fikir deyil, bunun əleyhinəyəm. Çünki fəxri adı olmayan müğənnilər toylara rahat gedirlər. Amma Xalq artistləri hər yanda görünə bilmir. Ola bilər ki, təkcə toya gedərlər. Amma ümumiyyətlə, xalq artistlərinin çoxu toylara getmir, toylardan pul qazanmır. Onlar Azərbaycan mədəniyyətinə xidmət edirlər. Təkcə 300-400 manat maaşla dolanmaq Xalq artisti üçün yetərli deyil. Xalq artistinin geyimi var və s. Bütün bunlara pul xərcləməlidir”.

 

O, bəzi incəsənət adamlarının bahalıqdan şikayət etmələrini isə bu cür dəyərləndirib: “Dünyada hər şey ölçülüb-biçilir ki, necə olmalıdır. Tutaq ki, xarici ölkələrdən mallar baha qiymətə alındı, ölkəyə gətirildi, dövlət bir hissəsini öz hesabına ödədi, satışa ucuz qoydu. Belə olsa, qonşu xarici ölkələr hamısını daşıyıb aparacaqlar. Ona görə də qiymətlər normaldır. Sadəcə, cənab Prezident ildə bir az maaşları, pensiyaları, təqaüdləri artırsa, hər şey yaxşı olacaq”.