Prezident İlham Əliyev qarşıya qoyduğu bütün vəzifələrin icrasını təmin edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk dəfə 2003-cü ildə bu vəzifəyə seçildikdən sonra keçirilmiş andiçmə mərasimində söylədiyi nitqinin mətninə nəzər salsaq, bu çıxışın mahiyyət etibarı ilə dövlət başçımızın sonrakı illər üçün fəaliyyət proqramının konseptual eskizi olduğunu görmək olar. Möhtərəm Prezidentimiz həmin çıxışında xalqa verdiyi bütün vədlərinə əməl etdi, qarşıya qoyduğu bütün vəzifələrin icrasına artıqlaması ilə nail oldu. Öz çıxışında Azərbaycan qazının ilk dəfə 2006-cı ildə Avropaya çatdırılacağını anons edən cənab Prezident əslində ölkəmizin bu gün Avropanın enerji təhlükəsizliyində getdikcə artan rolundan xəbər vermişdi. Bu gün biz 19 il bundan öncə məhz gələcəyə hesablanaraq müəyyən edilmiş enerji strategiyasının nəticələrini görürük.

Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanın əldə etdiyi möhtəşəm nailiyyətlərin əsasında duran ən vacib amillərdən biri məhz ölkəmizdə həyata keçirilən uğurlu enerji siyasətidir: Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində getdikcə artan rolu da bu siyasətin bir nəticəsidir. Xüsusilə son vaxtlar Avropanın müxtəlif ərazilərində cərəyan edən məlum hadisələr qitədə qaz ehtiyatlarının azalması, qazın qiymətinin isə artması ilə müşyiət olunur. Təbii ki, Avropa ölkələri bu tendensiyanın böhrana gətirib çıxara biləcəyindən çox narahatdırlar. Bu baxımdan XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi layihəsinin 2020-ci ilin son günündə başa çatdırılması, Transadriatik qaz kəmərinin istismara verilməsi və artıq həmin vaxtdan Azərbaycandan Avropaya bu kəmərlə qaz ixracına başlanması olduqca əhəmiyyətli bir məsələdir. Azərbaycanın nəhəng qaz ehtiyatları var və ölkəmiz Avropaya təbii qazın ənənəvi təchizat marşrutlarından daha qısa marşruta malikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasətinin nəticəsi olaraq, ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilmişdir. Məhz bu siyasət nəticəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində rolu getdikcə artır və bu, ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirir.

Andiçmə mərasimində etdiyi çıxışında cənab Prezident İlham Əliyev demişdi ki, Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcək. Həqiqətən də ötən illər ərzində Neft strategiyası uğurla davam etdirilərək, qısa müddət ərzində ölkəmizin hərtərəfli inkişafına nail olundu. Bu gün xüsusilə qeyri-neft sektoruna böyük diqqət göstərilir. Son illər ərzində respublikada sənaye parklarının yaradılmasının böyük vüsət alması ölkədə qeyri-neft sektorunun sürətli inkişafını, iqtisadiyyatın ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının sürətlə artması üçün əlverişli zəmin yaradıb. Yüksək texnologiyalar, innovativ metodlar və mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə hesabına sənaye istehsalı genişləndirildi, yüksək əlavə dəyər yaradan məhsul istehsalına başlanıldı. Ölkənin bütün rayon və bölgələrində sənaye zonalarının təşkili ilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin səmərəliliyinin artırılmasında, rəqabətədavamlı məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, ən əsası isə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm göstəricilər əldə olundu. Qarşıya qoyulan vəzifələrə nail olunması məqsədilə sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya və biznes mühiti yaradıldı. Cənab Prezident İlham Əliyevin ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı olaraq gördüyü tədbirlər tezliklə öz nəticəsini verməyə başladı. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Qısa zaman ərzində ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malik olan Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul olundu və onların icrasına başlandı. Nəticə olaraq bölgələrdə inkişaf prosesləri də sürətləndi. Bütün bunlar ümumilikdə iqtisadiyyatımızın daha sürətli inkişafını və Azərbaycanın zəngin bir ölkəyə çevrilməsini təmin etdi.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanın iqtisadi gücünün, hərbi qüdrətinin artırılmasına və nəticədə torpaqlarımızın işğaldan azad edilməsinə zəmin formalaşdıran ən mühüm amil oldu. Ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında təmin etməsinə zəmin yaratdı. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən əsaslı islahatlar, görülən işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Əlbəttə ki, dövlət başçımızın uzaqgörən siyasətinin əsas məqsədi ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun rəşadəti nəticəsində tarixi Qələbə ilə sona çatdı. Müzəffər Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımızı bütün dünyaya mübariz və qalib xalq kimi tanıtdı. Bu Şanlı Zəfər Azərbaycan dövlətinin və Azərbaycan xalqının tarixinə ən şərəfli səhifələrdən biri kimi əbədi həkk olunudu.

Aqiyə Naxçıvanlı,
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı.