Prokurorluqda işləmək istəyən 174 namizəd imtahan verdi

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib.

Sabahinfo.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün prokurorluq orqanlarında vakant ştat vahidləri üzrə elan edilmiş müsabiqənin ikinci – yazılı imtahan mərhələsi üzrə 174 namizəd (o cümlədən 37 qadın) imtahan verib.

İmtahanın aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında, koronaviris pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə uyğun olaraq keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib. İmtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.

Bildirilib ki, yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimailəşdiriləcək. Eyni zamanda bu barədə Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) məlumat yerləşdiriləcək.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-62-23 və 492-06-82 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.