“Qarabağ” Konfrans Liqasında mübarizəni dayandırdı

Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Sabahinfo.az-ın məlumatına görə, Ağdam təmsilçisi Belçikada "Gent" klubunun qonağı olub. “Gelamko Arena"da keçirilən qarşılaşmanın əsas vaxtı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matça sürətli başlayan “köhlən atlar” 2-ci dəqiqədə qola yaxın olublar. Amma Bəhlul Mustafazadənin başla vurduğu top qapı tirinə tuş gəlib. 14-cü dəqiqədə meydan sahiblərindən Jülyen De Sartın qüvvətli zərbəsini düzgün mövqe seçən Luka Quqeşaşvili tutub. 32-ci dəqiqədə Uqo Kuypersin təhlükəli zərbəsinin qarşısını Mustafazadə alıb. 43-cü dəqiqədə Abdullah Zubir bir rəqibini keçib qapıçı ilə üzbəüz qalsa da, topa çata bilməyib. İlk hissədə qapılara qol vurulmayıb.

Fasilədən sonra ilk təhlükəli epizodu “Qarabağ” yaradıb. 47-ci dəqiqədə sürətli əks hücum zamanı Musa Qurbanlının ötürməsi Şeydayevə çatmayıb. 10 dəqiqə sonra Sven Kumsun zərbəsini Quqeşaşvili gözəl seyvlə dəf edib. Ardınca Şeydayev Qurbanlını qapıçı ilə təkbətək qoysa da, gənc hücumçu topu istədiyi kimi ram edə bilməyib. 75-ci dəqiqədə isə hesab açılıb. Standart vəziyyət zamanı Villi Orban qapını dəqiq nişan alıb. 90+6-cı dəqiqədə Kuypersin zərbəsi təhlükəli alınsa da, top qapıdan azacıq aralı keçib.

Bakıdakı ilk görüşdə ağdamlılar eyni hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb. 92-ci dəqiqədə Yassin Benzianın sol cinahdan ötürməsi təhlükəli olsa da, topa toxunan tapılmayıb. Tərəflərin səylərinə baxmayaraq, oyunda hesab dəyişməyib və qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq (5:3) oynayan "Gent" adını 1/8 finala yazdırıb.