Qarabağda yandırılan Novruz tonqalı

Bayram şənliklərinin işğaldan azad olunan ərazilərdə qeyd edilməsi, eyni zamanda Böyük Qayıdış prosesini daha da sürətləndirir  

 Novruz bayramının xalqımızın tarixində, adət-ənənəsində özünəməxsus yeri və rolu vardır. Norvuz bayramının qeyd olunması hamımız üçün maraqlıdır. Xalq əsrlər boyu bunu qoruyb saxlayaraq bu günə çatdırıb, yoxsa min illərdən bu günə kimi heç bir bayram gəlib çata bilməzdi. Azərbaycan dövləti tərəfindən Novruz bayramının yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb. Hər il rəsmi səviyyədə ölkəmizdə bayram şənlikləri, müxtəlif tədbirlər təşkil edilir. Eyni zamanda dövlətimiz tərəfindən Novruz bayramının beynəlxalq aləmdə tanınması istiqamətində atılan addımlar effekt verib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

Novruz bayramı xalqımız tərəfindən hər bir rayonda çox  boyük coşğu ilə keçirilir. Bununla xalqımız, eyni zamanda milli adət-ənənəmizə sahib çıxdığını nümayiş etdirir. Burada çox böyük siyasi məsələ də var. Çünki Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Ona görə də düzgün addım oldu ki, bu bayram BMT tərəfindən Beynəlxalq Novruz Günü kimi qeyd olunur.

Sevindirici haldır ki, Novruz bayramı işğaldan azad olunan rayonlarda da qeyd olunur. Bu, Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Artıq Cənab Prezident həm Ümummilli Lider Heydər Əliyevin arzularını, həm də öz vədini reallığa çevirib. Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfər sayəsində hazırda Novruz bayramının xaqlımıza Qarabağda qeyd oluması nəsib olub. Artıq üç ildir ki, Prezident İlham Əliyev Novruz bayramını işğaldan azad olunmuş rayonlarda edir. Belə ki, 2021-ci ilin martın 20-də dövlət başçısı İlham Əliyev Şuşaya gedib. O, Novruz bayramı münasibətilə Cıdır düzündə tonqal qalayıb. Oradan Prezident xalqa müraciətində Azərbaycanın tarixi torpaqlarının və onun mədəniyyət mərkəzi Şuşa şəhərinin azad edilməsini tarixi hadisə adlandırıb: “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”.

Tarixi Zəfərimizdən sonra ikinci il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırıblar. Cənab Prezidentin Novruz bayramını doğma Qarabağ diyarında qeyd etməsi artıq ənənəyə çevrilib. Bu il isə dövlətimizin başçısı martın 18-də Tərtər rayonunun Talış kəndində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib: “Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq”.

Novruz bayramı ilə əlaqədar Prezident İlham Əliyevin ailə üzvləri ilə işğaldan azad olunan rayonlara belə səfərləri, öncəliklə şəhidlərimizin ruhuna olan hörmətdir. Cənab Prezidentin qeyd etdiyi kimi, məhz şəhidlərmizin sayəsindən xalqımız bu torpaqlarda bayram şənliyi edir. Belə bayram şənliklərinin işğaldan azad olunan ərazilərdə qeyd edilməsi, eyni zamanda Böyük Qayıdış prosesini daha da sürətləndirir.  

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi