Qarabağın işğaldan azad olunması Ulu Öndər Heydərin ən böyük arzularından idi

Azərbaycan Demokratik Respublikasının süqutundan sonra xalqımız həmişə müstəqilliyini bərpa etmək arzusu ilə yaşamışdır. 1991-ci ildə Azərbaycan digər sovet respublikaları kimi öz müstəqillyini elan etsə də, ölkəmizin azadlığa çıxması şəraiti tamamilə başqa cür idi: gənc dövlətimiz əvvəlcə Ermənistanla ədalətsiz, qanlı müharibəyə cəlb edilmiş, digər tərəfdən çox sürətlə bir - birini əvəz edən səriştəsiz, dövlətçilik anlayışından uzaq olan iqtidarlar ölkəni inkişaf əvəzinə fəlakətə aparırdılar.
Təzəcə müstəqilliyini elan etmiş Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında olduğu çətin məqamda hər cür məhrumiyyətlərdən, əzablardan cana doymuş xalq özünün yeganə ümidi olan ümummilli liderimiz Heydər Əliyevə üz tutdu.
Vətənin belə ağır günlərində - 15 iyun 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıdaraq xalq naminə, vətən naminə, canından da artıq sevdiyi Azərbaycan naminə böyük xilaskarlıq fəaliyyətinə başladı.
Azərbaycan Respublikası xarici qüvvələrin, bir qrup daxildən olan nankorların iştirakı ilə imperiya maraqlarına uyğun parçalanaraq bölüşdürülmə faciəsindən, milli dövlətin iflasından, qlobal məhv olmadan xilas edildi. Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməz xarakter aldı.
Heydər Əliyevin qurucusu olduğu Müasir Azərbaycan dövləti özünün siyasəti ilə bu gün beynəlxavlq aləmdə nümunə olacaq bir dövlətdir. Eləcə də, bu gün dünyanın böhranlı şəraitində uğurlu siyasət nəticəsində Azərbaycan hərtərəfli inkişaf edir və belə bir dövlət qürur yerimizdir.
Təbii ki, Azərbaycan bugünkü səviyyəyə elə də asan gəlib çatmayıb, çox çətin dövrlərdən keçib. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizi işğal olundu və bunun nəticəsində də 1 milyondan çox insan öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətə düşdü. O dövrdə xalqımız çox ağır günlər yaşadı.
Prosesləri təhlil edərkən deyə bilərik ki, başımıza gələn bu bəlalar bir sıra amillərlə əlaqədardır. Ən əsası odur ki, həmin dövrdə Ulu öndər Heydər Əliyev Azərbaycanda deyildi. Hakimiyyətinin birinci dövründə öz nəcib əməlləri, Azərbaycan üçün misilsiz xidmətləri ilə Heydər Əliyev xalqın qəlbində özünə abidə ucaltmışdı. Məhz Ulu öndərin sayəsində sovetlər dövründə Azərbaycan sürətlə inkişaf edərək keçmiş ittifaq respublikaları arasında öncül yerə çıxdı. 1980 - ci illərin sonu – 90-cı illərin əvvəlində Azərbaycan xalqı sahibsiz qalmışdı. Və başımıza gələn bütün bəlaların kökündə Heydər Əliyevin hakimiyyətdə olmaması idi.
Taleyin qismətidir ki, Heydər Əliyevin həyatı Azərbaycan xalqı ilə bağlı olub. Tarix sübut edir ki, Azərbaycan xalqının ən çətin anlarında Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək xalqı bütün çətinliklərdən xilas edib.
1993-cü ilin o ağır günlərində də xalqımızın yeganə ümid yeri Heydər Əliyev oldu. Hakimiyyətə qayıtmaqla Ümummilli liderimiz Heydər Əliyev xalqımızı düçar olduğu bəlalardan, başqa dövlətlərin vassalı olmaqdan, Azərbaycanı parçalanmaqdan xilas etdi.
Qarabağın işğaldan azad olunması Ulu Öndər Heydərin ən böyük arzularından idi. O, Azərbaycan Prezidenti vəzifəsində çalışarkən problemin həlli üçün, qələbəyə doğru atılan addımlarının əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərib. Heydər Əliyev bütün dünyaya Qarabağ həqiqətlərini çatdırıb. Diplomatik fəaliyyətlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət yetirib.
Tarixə müasir Azərbaycanın memarı olaraq düşən Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. 2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən yanımızda olmasa da, onun ideyaları və böyük dühası əbədiyaşardır. Bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır - xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Heydər Əliyevin arzu etdiyi qələbə sevincini xalqa bəxş etmiş oldu.
Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan xalqının bu günü və gələcəyi üçün əmanət qoyduğu ideyalar xalqımızın milli mənlik şüuru və milli sərvətidir. Bu ideyaların daşıyıcısı ümummilli liderimizin siyasi kursunun davamçısı Möhtərəm Cənab İlham Əliyevdir.

Əliabbas Salahzadə
Milli Məclisin deputatı