Qazanılan Qələbə sayəsində məcburi köçkünlərin öz Vətəninə – Qarabağa qayıtmaq hüququ təmin olunub

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə sayəsində öz ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyub. Bu 30 ildə bir milyona yaxın Azərbaycan vətəndaşı öz evindən didərgin düşüb. İşğalın ağır sosial və iqtisadi yüklərinə baxmayaraq, dövlətimiz qaçqın və məcburi köçkünlərin bütün ehtiyaclarını ödəmək üçün lazımi tədbirləri həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda Qlobal Parlament Konfransı çərçivəsində keçirilən "Beynəlxalq idarəetmə standartları, qlobal sazişlər və qlobal siyasətlərin gündəlikləri: Məqsədlər, öhdəliklər, tərəqqi və həyata keçirilməsi üçün maneələr" mövzusunda sessiyada çıxışında ifadə edib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop, Parlamentlərarası İttifaqın Prezidenti Duarte Pachecon və digərlərinin iştirakı ilə keçirilən sessiyada çıxışında mövzu ətrafında bir sıra mühüm məsələlərə diqqət çəkən Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Ermənistanın işğalında olan Azərbaycan torpaqlarının azad edilməsi regionda yeni reallıqlar və imkanlar yaradıb. Qazanılan bu Qələbə sayəsində, həmçinin məcburi köçkünlərin öz Vətəninə – Qarabağa qayıtmaq hüququ təmin olunub. Ona görə də Azərbaycan dinamik daxili miqrasiya proseslərinin astanasındadır. Eyni zamanda, bu torpaqlarda görülən bərpa-yenidənqurma işləri, eləcə də bu regionların ölkəmizin iqtisadiyyatına reinteqrasiyası üçün görülən tədbirlər Qarabağ və Şərqi Zəngəzuru turizm, investisiya və yeni işgüzar müəssisələrin yaradılması üçün cəlbedici edəcək. Bu da öz növbəsində miqrasiya idarəçiliyinə yeni yanaşmaların tətbiqinə gətirib çıxaracaq, həm Azərbaycanda, həm də regionda miqrasiya proseslərində yeni dinamika yaradacaq.

Çıxışında Azərbaycanın bu sahədə təcrübəsi və gördüyü işlər haqqında məlumat verən Sahibə Qafarova deyib ki, miqrasiya proseslərinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun idarə edilməsi, həmçinin miqrantların hüquqlarının qorunması ölkəmizin miqrasiya siyasətinin əsas prioritetləridir. Şərqlə Qərbin geosiyasi baxımdan mühüm kəsişməsində yerləşən Azərbaycan hər zaman dinamik miqrasiya məkanı olub. Sürətli sosial-iqtisadi inkişaf, xarici investisiyalar və beynəlxalq enerji, nəqliyyat və digər layihələrin reallaşdırılması nəticəsində Azərbaycan miqrant mənbəyi olan ölkədən tranzit ölkəyə, həmçinin miqrantlar üçün təyinat nöqtəsinə çevrilib. Ölkəmizdə yüksək tolerantlıq mühitinin mövcud olması miqrasiya prosesinə təsir edən daha bir mühüm amildir. Azərbaycan miqrasiya və qaçqınlar haqqında hər iki qlobal sazişə qoşulan ilk ölkələrdən biridir və onların icrası üçün müxtəlif tədbirlər görüb. O cümlədən qaçqınların icbari tibbi sığortasının tətbiq edilməsi, qanuni əmək hüquqlarının təmin edilməsi və ali təhsil müəssisələrində təhsil alan qaçqınların təhsil xərclərinin ödənilməsi məqsədilə müvafiq tədbirlər uğurla həyata keçirilib.

Azərbaycan regionda BMT-nin Miqrasiya Şəbəkəsini milli səviyyədə ilk dəfə yaratmış ölkədir. Bu, 2020-ci ilin iyul ayında həyata keçirilib. Azərbaycan, həmçinin 2020-ci ilin sentyabrında BMT-nin Miqrasiya Şəbəkəsinin himayəsi altında fəaliyyətə başlayan “Çempion ölkələr” təşəbbüsünə də qoşulub. Bundan başqa, ölkəmiz 2020-ci ildə Qlobal Miqrasiya Sazişinin həyata keçirilməsinə dair könüllü milli hesabat təqdim edib və 2022-ci ilin mart ayında hesabatı yeniləyib.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın çıxış etdiyi birinci sessiyaya Rumıniya Senatorunun üzvü, IPU-nu İstanbulda keçirilən Qlobal Parlament Konfransında təmsil edən nümayəndə heyətinin rəhbərinin müavini Silvia Monica Dinica sədrlik edib.

Bu sessiyada BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Türkiyə təmsilçisi Filip Leklerk, Beynəlxalq Miqrasiya Təşkilatının Türkiyə bürosunun rəhbəri Gerard Karl Voyt və Miqrasiya Siyasəti Birliyinin sədri Patrik Taranın çıxışları dinlənilib.