Qədim tarixə malik ƏLAQƏLƏR

"Son illər Azərbaycan-İsrail əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və İsrail dövlətləri arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələr mövcuddur. Azərbaycan və İsrail xalqları arasında möhkəm dostluq əlaqələri var və bu əlaqələr qədim tarixə malikdir".

SABAHİNFO.AZ xəbər verir ki. bunu Milli Məclisin deputatı Emin Hacıyev deyib. Onun sözlərinə görə, Azərbaycanda yəhudi xalqının nümayəndələri, İsraildə isə azərbaycanlılar kompakt halda yaşayır, ölkələrimizin inkişaf və tərəqqisinə böyük töhfələr verirlər: "İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Zəfər İsrail tərəfindən dəstəklənib. Hazırda İsrail şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində iştiraka böyük maraq göstərirlər. İsrail 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Azərbaycanda uzun illərdir ki, İsrail Səfirliyi fəaliyyət göstərir və İsraildə də Azərbaycan Səfirliyinin açılmasına böyük ehtiyac var idi. Hesab edirəm ki, İsraildə, Tel-Əviv şəhərində Azərbaycan Səfirliyinin açılması iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoymasına və daha da inkişaf etməsinə böyük təkan verəcək".