Qənirə Paşayeva şəhid zabit İmran Əliyevin anası ilə görüşdü

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid zabit İmran Əliyevin anası ilə görüşüb. Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Novruz bayramı ərəfəsində Azərbaycan Vətən Müharibəsinin şəhidi, Silahlı Qüvvələrin leytenantı İmran Əliyevin anası Səfayə Əliyeva ilə görüşüb. Milli Məclisdə baş tutan görüşdə, şəhid anasının ürək sözləri dinlənilib, qayğıları öyrənilib.

Komitə sədri Q.Paşayeva Azərbaycan Respublikası ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir Millət vəkili üçün, məmur, vətəndaş cəmiyyəti təmsilçisi, işadamı və ziyalı üçün də örnək təşkil etdiyini söyləyib. O, milli bayramımız Novruz ərəfəsində keçirilən görüşün, ümumiyyətlə şəhid anaları ilə hər bir görüşün onunçün çox doğma, əziz görüş olduğunu bildirib, şəhid zabitin əziz ruhuna ehtiramını bildirib:

“Əziz şəhid anası, dəyərli bacım, hər bayramda ilk anılacaq insanlar sırasında öndə şəhid anaları gəlir. Sizi Novruz bayramı münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm!

Ulu Tanrıya şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Şuşada bayrağımız dalğalanır, ordumuz yetərincə güclüdür, öz üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı yerinə yetirməyə tam qadirdir. Vətən uğrunda canını qurban vermiş igid övladınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında sayğılarla baş əyirik. Ruhları şad olsun”!

Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev də iştirak edib və o, şəhid ailələri ilə görüşün hər bir ziyalı, hər bir işadamı və vətəncanlı insan üçün bir mənəvi borc olduğunu qeyd edib, şəhidimizin həyat və döyüş yolu ilə maraqlanıb. O, şəhidimizin anasını və onun timsalında ailənin bütün üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Görüşün sonunda Mədəniyyət Komitəsi və “UNİTY-Company” adından şəhid ailəsinə bayram hədiyyələri təqdim edilib.

Azərbaycan Ordusunun şəhid zabiti İmran Əli oğlu Əliyev (07.04.1993, Göyçay – 27.09.2020, Tərtər) – 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtərin Suqovuşan qəsəbəsinin qurtuluşu uğrunda gedən döyüşlərdə şəhid olub. Onun nəşini döyüş meydançasından 03.10.2020-ci il tarixində götürmək mümkün olub; şəhidimiz 04.10.2020-ci ildə Bakıdakı II Fəxri Xiyabanda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmran Əliyev “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhid zabitimiz həmçinin “Suqovuşanın azad olunmasına görə” (29.12.2020), “Laçının azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif edilib.

Ruhu şad olsun!