Razi Nurullayevdən Erkin Qədirliyə tərs sual

Erkin Qədirlinin demokratik seçkinin keçirilmədiyi və nəticədə az qala parlamenti saxta elan etməsini yolverilməz hesab edirəm. Özünün və partiyasının da Milli Məclisdə təmsil olunduğunu nəzərə alsaq, bu, çox absurd fikirdir. Əgər o, ən azından öz seçkisinin düzgünlüyünə inanmırsa, seçicilərini necə qəbul edir, necə dinləyir?

Seçkiləri bütövlükdə şübhə altına almaq yanlışlıqdır. Normal seçkilər keçirilib. Hansı dairələrdə problem var idi, onların da nəticələri ləğv edildi. Bütöv bir parlamenti və deputatları hədəfə gətirmək və onların fəaliyyətini şübhələndirmək yaxşı hal deyil. Deputat həmkarımın bu fikirlərini qəbul etmir və cəmiyyətimiz üçün ziyanlı sayıram. 

Belə bir açıqlamanı səsləndirmək həvəsi varsa da, o da bu şəkildə və belə bir lağlağı obyekti kimi olmamalıdır. Siyasət ciddi müzakirələri və ciddi platformaları sevir. Onun müsahibə verdiyi platforma isə lağlağı obyektidir. Təəssüf edirəm.

Razi Nurullayev
Milli Məclisin deputatı