Səhər yeməyi üstündə yaranan mübahisə qətllə nəticələndi

Bərdədə 1996-cı il təvəllüdlü Təbriz Orucovun məhkəmə prosesi başa çatıb. O, 1995-ci il təvəllüdlü həyat yoldaşı Xasa Orucovanı yaşadığı evdə qətlə yetirdiyinə görə təqsirləndirilir.  

“Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, T.Orucov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Hacallı kəndində baş verən hadisə bu ilin may ayının 25-də qeydə alınıb.

Məhkəmə iclasında ifadə verən Təbriz Orucov bildirib ki, Xasa Orucova ilə 2016-cı ildə ailə həyatı qurub. Onların bu evlilikdən iki övladı dünyaya gəlib.

Onun sözlərinə görə, hadisənin baş verdiyi gün arvadı ilə arasında yaranan mübahisə səhər yeməyi üstündə olub. Belə ki, Təbriz çöldən evə gələrkən arvadının hələ də səhər yeməyini hazırlamadığını görüb. Bu zaman o, əsəbiləşərək həyat yoldaşının ata və anasını söyüb. Nəticədə mübahisə qızışıb. Təbrizin sözlərinə görə, mübahisə zamanı Xasa onun vəfat edən anasını söyüb. Nəticədə o, özündən çıxıb və tüfəngi götürərək arvadına atəş açıb.

Atəş səsinə övladları otağa daxil olub. O, böyük oğluna atasının anasını öldürdüyünü heç kimə deməməsini tapşırıb və heyvanlara ot verməyə gedib. Amma uşaq qonşuya gedib və evdə baş verənləri qadına xəbər verib. Qonşu qadın isə Təbrizi səsləyərək Xasanın özünü tüfənglə vurduğunu bildirib.

Təbriz yenidən otağa daxil olarkən arvadının xırıldadığını görüb. Xasa qonşunun avtomobili ilə Bərdə Rayon Xəstəxanasına aparılarkən yolda vəfat edib. Təbriz isə tutularaq istintaqa təhvil verilib.