Şuşa Bəyannaməsini imzalamaq zamanın tələbi idi

Zəfər qələbəsi ilə bitən Vətən müharibəsindən bizi 2 ilə yaxın zaman ayırır. Bu müharibədə qardaş Türkiyənin Azərbaycanın haqq işinə verdiyi siyasi və mənəvi dəstək hər bir vətəndaşımızın yadındadır və hər birimizi qürurlandırır. Qələbəmiz qədər vacib və əhəmiyyətli sayılan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” böyük əhəmiyyətə malikdir, hazırda dövlətimizin regionda söz sahibi olmasında az rol oynamayıb. Bu gün tarixi sənədin imzalanmasından bir il ötür.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri və burada Prezident İlham Əliyevlə birlikdə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Birgə Bəyannaməni imzalaması bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisədir. Tarixi Qələbə ilə başa çatmış 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubu Qafqazda yaranmış yeni reallıqlar fonunda imzalanmış bu sənəd Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının sarsılmaz olduğunu bir daha dünyaya bəyan etdi. Bu sənədin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi və rəmzi məna daşıyır və işğaldan azad edilmiş torpaqların Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqidir. Bu bəyanat həm də ölkəmizin ərazi bütövlüyünün
toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir. Təsadüfi deyil ki, Şuşa Bəyannaməsi iki ölkə arasında qardaşlığın yeni tarixi mərhələsi adlandırılır. Bu tarixi sənəd Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
Bəyannamə siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də çoxşaxəli müttəfiqliyin rəmzidir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Sənəddə nəzərdə tutulan və çoxlarının yuxusuna haram qatan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq. Ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq. Bir sözlə, Şuşa Bəyannaməsini imzalamaq zamanın tələbi idi, ölkə olaraq bu Bəyannamə və ondan irəli gələn üstünlükləri uzun illər hiss edəcək, fəxrlə, qürurla bu barədə danışacağıq.

Məşhur Məmmədov,
Millət vəkili