Şuşa bəyannaməsinin birinci ildönümü

Tarix boyu sarsılmadan, dahada güclənən Azərbaycan-Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri bu gün ən parlaq dönəmlərini yaşayır və bütün dünyaya birlik nümayiş etdirir. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda daima bir-birinin sevincini və kədərini bölüşüb. Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürkün Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirməsi hələ o zamandan qardaşlıq münasibətlərimizin necə güclü olduğunu sübut edir.

Dövlətlərimizin bir-birini dəstəklədiyi məqamlar təbii ki saysız-hesabsızdır. İyunun 15-də Azərbaycan xalqının taleyində müstəsna rol oynayan Milli Qurtuluş Günündə mədəniyyət paytaxtımız Şuşada iki qardaş ölkə arasında imzalanmış “Şuşa Bəyannaməsi” nin birinci ildönümünün qeyd edilməsi qürur və iftixar duyulası tarixi günlərdən biridir. Çünki böyük əhəmiyyət kəsb edən və iki dövlət arasında müttəfiqlik münasibətlərinə dair imzalanan tarixi sənəd - Şuşa bəyannaməsi iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu.

44 günlük Vətən müharibəsində, Azərbaycanın haqq savaşında qardaş Türkiyə ilk gündən etibarən Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.

Əzəli və əbədi Qarabağ torpaqlarımızın mənfur düşmən tapdağından azad edilməsində,

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri ilə bu sahədə səylərinin artırılmasının zəruriliyində Şuşa Bəyannaməsi vox böyük siyasi əhəmiyyət daşıyır.

Bu gün qardaş ölkə Türkiyənin gündən-günə artmaqda olan gücü bütün dünyada çox önəmli və müsbət rol oynayır. Bu da öz növbəsində təbii olaraq bizi çox sevindirir, çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq, iki dost-qardaş ölkə bir-birindən güc alaraq yalnız irəliyə doğru yüksələn xətlə birgə addımlayır. Hazırda Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya böyük bir örnəkdir. Çünki Azərbaycan və Türkiyə qədər bir-birinə istər mənəvi, istərsə də siyasi cəhətdən yaxın və bağlı ölkələr yoxdur.

Ümummilli lider Heydər Əliyevin gələcək nəsillərə mirası olan müdrik kəlamı “Bir millət iki dövlət, Azərbaycan-Türkiyə” bu gün iki qardaş ölkə arasındakı tarixi münasibətlərin yeni mərhələsində öz təsdiqini tapır.

Aydan Qurbanova