Tarixi dəyişdirən şəxs

“Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir” – bu sözlərlə Azərbaycanın xalqının Ümummilli Lideri, dövlətimizin banisi və qurucusu Heydər Əliyevin bütövlükdə həyatının əsas məqsədini ifadə etmişdir. Hər il 12 dekabr tarixində xalqımız Böyük Lideri dərin hörmət və ehtiramla yad edir. Birmənalı olaraq vurğulanmalıdır ki, məhz Ulu Öndərin uzaqgörən siyasətinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan güclü iqtisadi, hərbi, sosial, mədəni potensialın formalaşmasına nail olmuşdur. Dünyanın ən müasir, dinamik inkişafa malik olan ölkəmizdə Heydər Əliyevin ideyaları əsasında demokratik, dünyəvi, hüquqi dövlət qurulmuşdur.

Sözün əsl mənasında demək olar ki, Ümummilli Lider XX-ci əsrdə Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyətdir. Heydər Əliyevin keçdiyi şərəfli yol bunu parlaq şəkildə təsdiq edir.

1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda müttəfiq respublikalar sırasında bir çox göstəricilərə görə axırıncı yerlərdən birində qərarlaşan respublika Ulu Öndərin səyləri nəticəsində surətlə inkişaf etmiş, qabaqcıl sənaye və kənd təsərrüfatı formalaşdıra bilmişdir. Sovet İttifaqının süqutundan sonra Vətənə dönən Heydər Əliyev ən çətin dönəmlərdə - 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini kimi fəaliyyət göstərib. 3 oktyabr 1993-cü ildə xalqımız Ulu Öndərə 98.84 faiz səs verərək, Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsini böyük ruh yüksəkliyi ilə dəstəkləmişdir.

Ümummilli Liderin ardıcıl səyləri nəticəsində 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafının bünövrəsi qoyulmuşdur. Həmin illərdə həyata keçirilmiş iqtisadi, hüquqi, sosial, humanitar islahatlar nəticəsində ölkəmiz regionun qüdrətli dövlətinə çevrilmişdir. Müstəqil, milli maraqlara əsaslanan xarici siyasəti gerçəkləşdirən Azərbaycan beynəlxalq müstəvidə də öz prinsipial yanaşması ilə fərqlənmişdir. Ulu Öndərin ən böyük xidmətləri sırasında Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və bütün problemlərin yalnız Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları çərçıvəsində həll edilməsi xüsusi olaraq qeyd olunmalıdır.

Müasir şəraitdə Dövlət Başçısı cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilən tarixi uğurların əsasları Ulu Öndər, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən yaradılmışdır. “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” – Ulu Öndərin bu sözləri qızıl hərflərlə Azərbaycan tarixinə əbədi olaraq yazılmışdır.

Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru