Tarixi əhəmiyyətə malik Zirvə görüşü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə görüşündə iştirakı bir daha təsdiq etmişdir ki, Azərbaycan, Türkiyə və Türkmənistan ortaq mənəvi dəyərlər, dini-mədəni köklər, etnik və dil baxımından biri-biri ilə sıx bağlı olan ölkələrdir.

Həmçinin qeyd etmək lazımdır ki, siyasi əlaqələrimiz də ən yüksək səviyyədədir. Türkiyə ilə 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətləri ən yüksək strateji müttəfiqlik səviyyəsinə ucaltmışdır, Türkmənistanla isə 2017-ci ildə Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Ökələrimiz həmçinin beynəlxalq təşkilatlar - BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər qurumlar çərçivəsində də səmərəli əməkdaşlıq edirlər.

Qədim tarixə söykənən münasibətlərimiz müasir şəraitdə üç dövlət arasında iqtisadi, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün münbit şərait yaradır.

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq, 5 milyard ABŞ dollarına çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır.

Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində də ciddi uğurlara imza atmışlar ki, bu da öz növbəsində yeni, modern infrastrukturun yaradılmasını təmin edir və Azərbaycanın mühüm tranzit dövlətinə çevrilməsini təsdiq edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan möhtəşəm layihələri həyata keçirmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.

Azərbaycan Respublikası Prezidentinin səfəri zamanı imzalanan mühüm sənədlər – “Ticari-iqtisadi əməkdaşlıq haqqında Hökumətlərarası Saziş”; “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair Hökumətlərarası Çərçivə Proqramı”; “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”; “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”; “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”, əyani sürətdə nümayış etdirdi ki, üç dövlət arasında əməkdaşlığın parlaq perspektivləri var və qələcəkdə yeni-yeni böyük layihələr uğurla həyata keçiriləcək.

Nizami Səfərov, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü