Türkmənistan səfəri də ölkəmiz üçün uğurlu oldu

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkmənistana səfəri çox böyük əhəmiyyət daşıyır. Hər şeydən öncə səfər Azərbaycan, Türkiyə və Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi baxımından çox önəmlidir. Ölkə prezidenti bu səfər çərçivəsində nitqi zamanı mühüm məqamlara toxunub”. Bu fikirləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu səsləndirib.

Onun sözlərinə görə, ilk öncə Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə edərək ötən il bu iki dövlət arasında bağlanmış strateji müttəfiqlik haqqında sənədi xatırladıb, ticarət dövriyyəsinin genişləndirilməsi istiqamətində atmış olduğu addıma toxunub: “Prezident Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafda olduğunu da bildirdi. 2017-ci ildə bu iki dövlət arasında strateji tərəfdaşlıq qurulub və Azərbaycan-Türkiyə-Türkmənistan bütövlükdə regionun nəqliyyat xəritəsinin formalaşmasında çox mühüm rol oynamaqdadır. Nəqliyyat logistika sahəsində üç ölkənin əməkdaşlığı hər üçünün maraqlarına cavab verəcək vacib nəticələri şərtləndirməkdədir”.

Deputat sözlərinə davam edərək bildirib ki, ölkə prezidenti Azərbaycanın nəqliyyat və logistika sahəsində əməkdaşlıq potensialının yüksəkliyinə diqqət yönəldib: “Qeyd edib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin önəmli iştirakçısıdır. Azərbaycanın logistika imkanları olduqca genişdir. Eyni zamanda, Zəngəzur dəhlizi məsələsinə toxunan İlham Əliyev vurğulayıb ki, dəmir yolu üzrə işlərin 40 faizi, avtomobil yolu üzrə isə 70%-i gerçəkləşdirilib. 2024-cü ildə artıq işlərin tamamlanması başa çatacaq. Cənab İlham Əliyev bununla ona işarə etdi ki, həmin dövrdə də Zəngəzur dəhlizinin açılması ehtimalı çox böyükdür. Bu səfər zamanı Azərbaycan, Türkiyə və Türkmənistan arasında önəmli əməkdaşlıq sənədləri imzalanıb. Bu ona dəlalət edir ki, bu üçtərəfli görüşdən sonra onlar arasında olduqca uğurlu yeni əməkdaşlıq platforması müşahidə olunacaq. Bu platforma çərçivəsində müxtəlif istiqamətlərdə əməkdaşlıq inkişaf etdiriləcək. Nəqliyyat və logistika sahəsi əməkdaşlığın prioritet istiqaməti kimi özünü göstərəcəkdir. Düşünürəm ki, İlham Əliyevin digər səfərləri kimi Türkmənistan səfəri də ölkəmiz üçün uğurlu oldu”.