Üçtərəfli görüş Türk dünyasının inkişaf perspektivlərini müəyyənləşdirdi

“Azərbaycan türkdilli dövlətlərlə əməkdaşlığını inkişaf etdirir. Hər gün bu əlaqələrin yeni forma və yanaşmalarını görürük. Naxçıvandan başlanan bu birlik bu gün özünün kulminasiya nöqtəsinə çatmaqdadır. Yeni prioritet istiqamətlər müəyyən edilir, ölkələrin imkanları birləşdirilir və yeni güc kimi beynəlxalq münasibətlər sisteminə daxil olur. Türk Dövlətləri Təşkilatının Səmərqəddə keçirilən Zirvə görüşündədə ölkələrimiz arasında qarşılıqlı səmərəli fəaliyyətin əsasları müəyyən edildi, gələcək planlar üzərində əhatəli işlər ortaya qoyuldu. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə kimi sahələrdə də əməkdaşlığın genişlənməsi qərara alındı. Xüsusilə qeyd etməliyik ki, Türk dövlətlərinin bir araya gəlməsinin, birgə fəaliyyətinin ötəri, keçici olmadığı qardaş ölkələrin bu birliyə verdiyi töhfələr də sübut edir”. Buu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Türkmənbaşı şəhərində keçirilən Zirvə görüşü də böyük perspektivlər vəd edir: “Bu gün türkdilli dövlətlər arasında ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin genişlənməsi diqqətdən kənarda qalmır. Bunu cari ildə dövlət başçısı İlham Əliyevin türkdilli ölkələrə səfərləri, eyni zamanda qardaş ölkələrin rəhbərlərinin Azərbaycana səfərlərinin bunu deməyə əsas verir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi xarici siyasətimizin əsas prioritetlərindəndir. Türk dünyasının birləşməsinə Azərbaycan həmişə öz töhfəsini verib. Türk dövlətlərində ümumi olaraq götürsək 200 milyondan çox insane yaşayır və bu, böyük qüvvədir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına, müasir hərbi imkanlara malikdir. Dövlət başçısı İlham Əliyevin çıxışında vurğuladığı kimi, tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıblar. Türkiyə ilə Azərbaycanın 44 günlük müharibədə dünyaya nümunə olan birliyi, həmrəyliyi bir çox məqamları özündə ehtiva edərək türkdilli dövlətlərin birliyini daha da aktuallaşdırdı. Bunu xüsusilə vurğulamaq lazımdır ki, Vətən müharibəsi Türk dünyasının birləşməsinə, qardaşlaşmasına bir vəsilə oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatı, “Azərbaycan tək deyil” ifadəsi dünyaya səs saldı, dostlarımızın sayını artırdı, qardaşlığımızın sarsılmazlığını bird aha sübuta yetirdi. Bu gün Azərbaycan yerləşdiyi coğrafi məkana görə, Türk dünyasının, türk xalqlarının əməkdaşlıq körpüsü rolunu oynayır. Türk dövlətlərinin ortaq keçmişdən ortaq gələcəyə doğru birgə addımlamaları reallığa çevrilib. İnanırıq ki, Türk dövlətləri bundan sonra da bütün məsələlərdə bir-birlərini dəstəkləyəcək, əməkdaşlıq edəcəklər”.