Uğurlu 30 il

Banisi dünya şöhrətli siyasətçi Heydər Əliyev kimi şəxsiyyət olan və bu dahi şəxsiyyətin adıyla bağlı olan Partiyanın 30 ildə keçdiyi uğurlu yol ilə qürur və iftixar hissi duyuram. Çünki, üzvü olduğumuz bu Partiya birbaşa xalqa və onun dövlətçiliyinə xidmət göstərməklə ümumxalq partiyası adını almış bir partiyadır. Ümummilli lider Heydər Əliyev ideyaları əsasında qısa bir müddət ərzində yüz minlərlə insanın məfkurə birliyinə çevrilən Yeni Azərbaycan Partiyasının yaranması xalqın haqlı tələbi idi.

21 noyabr 1992-ci il tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Yeni Azərbaycan Partiyasının yaranması ilə ölkəmizin ictimai-siyasi həyatında yeni tarixi bir mərhələnin əsası qoyulub. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində yaranan Yeni Azərbaycan Partiyası özünü bütün mənalarda təsdiqləyərək, yeni tarixin yeni çalarlarını özündə birləşdirməyi bacarıb. Ulu Öndərin layiqli davamçısı Prezident,Partiyamızın Sədri cənab İlham Əliyevin möhkəm təməl üzərində qurulan Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə partiyamız daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirib və  partiyanın sosial bazası əhəmiyyətli dərəcədə güclənibdir.

Fəaliyyətini partiyamızın hədəflərinə və məqsədlərinə, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə uyğun şəkildə quran YAP Yevlax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının VII qurultayında Partiya Sədrinin proqram xarakterli çıxışından irəli gələn vəzifələrin, qurultayda qəbul edilən qərarların həyata keçirilməsi istiqamətində ardıcıl işlər görür, təşkilatın ideoloji və siyasi yönümdə fəaliyyətini daha da genişləndirir, rayonumuzun ictimai-siyasi həyatında fəal iştirak edir.

Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 30 il ərzində bütün potensialını dövlətə, xalqa xidmətə yönəldərək, mühüm uğurlara imza atıb. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir, bu qüdrət və inkişaf özünü hər bir sahədə təsdiqləyir.

Bu gün Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyimiz Qələbədən fəxr hissi duyur. Cənab Prezidentin rəhbərliyi altında Müzəffər Ordumuzun 44 gün ərzində icra etdiyi “Dəmir Yumruq” əməliyyatları şanlı tariximizə Zəfər ili kimi qızıl həriflərlə yazıldı və Vətən həsrəti çəkən xalqımızın 30 illik həsrətinə son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi, bizə qalib bir xalq adını qazandırmış oldu. Bu Qələbə təkcə Azərbaycana ərazi bütövlüyünü bərpa edə bilmək imkanını deyil, regionda sülhün bərqərar olmasına, ölkənin beynəlxalq nüfuzunun artmasına və yeni iqtisadi imkanların yaranmasına da zəmin yaratdı. Möhtərəm Prezident, Ali Baş Komandan, Partiyamızın sədri cənab İlham Əliyev tərəfindən aparılan uğurlu iqtisadi və hərbi siyasət, həmçinin Müzəffər, rəşadətli Milli Ordumuzun şücaəti düşməni istər hərb, istərsə də siyasət meydanında ağır məğlubiyyətə uğratdı. İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də bu ilin sentyabr ayında düşmənə layiqincə cavab verən müzəffər ordumuz regionun ən güclü, müasir silahlarla təmin edilmiş ordusu olduğunu bir daha sübut etdi. Fəxrlə qeyd etmək istəyirəm ki, cənab Prezidentimizin uzaqgörən, qətiyyətli siyasəti artıq azad edilmiş torpaqlarımızın abadlaşmasına, əhalimizin ata-baba yurdlarında tezliklə məskunlaşmasına real imkanlar yaratmaqdadır və yaradır. Bildiyimiz kimi, Füzulidə yeni müasir aeroportun tikilərək istifadəyə verilməsi, Zəngilanda ağıllı kəndə məcburi köçkünlərin qayıtması, Ağdam şəhərinin baş planının hazırlanması bu qayıdışın əyani təzahürüdür.  İşğaldan azad edilmiş torpaqlarımıza cənab Prezidentimizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tez-tez səfər etmələri, hər səfərlərində yeni-yeni layihələrin təməlinin qoyulması Azərbaycanın iqtisadi qüdrətindən və tez bir zamanda işğaldan azad edilmiş ərazilərimizin möhtəşəm bərpasından xəbər verir.

Yazımı Yeni Azərbaycan Partiyasının Sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin Partiya haqqında söylədiyi dəyərli fikirlərlə bitirmək istərdim: “Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu Partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik.

Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin qüdrətli dövlətə çevriləcəkdir”.
 

Rafiq Əliyev,

YAP Yevlax rayon təşkilatının sədri