“Ulu Öndərə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi"

Azərbaycan Prezidenti cənab İlham Əliyev “Heydər Əliyev ili”ndə Şuşadan xalqa müraciətində dedi: “Ulu Öndərə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi. Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Dərhal ciddi islahatlara başlanıldı. Bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu. Böyük diplomatik səylər göstərildi, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, beynəlxalq təşkilatlar işğalla bağlı ədalətli və bizim mövqeyimizi gücləndirən qərar və qətnamələr qəbul etmişlər”. Azərbaycanda gənc nəsil milli-mənəvi dəyərlər əsasında formalaşır, onların dünyagörüşü bu dəyərlərlə genişlənir. Təkcə milli-mənəvi dəyərlərlə məhdudlaşmayan bu proses dünyəvi dəyərləri də böyük maraqla öyrənir. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərləri yaşadır, həm də dünyəvi dəyərlərin daşıyıcısıdır. Xalqa Şuşadan bu müraciətdə bu kimi məqamlar da diqqətə çatdırıldı: “Gənc nəsil öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır. Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Elə bir gənc nəsil yetişib ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi ki, “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali baş komandan İlham Əliyev”. Bu kəlamlar hər bir azərbaycanlıya 2020-ci il noyabrın 8-də yaşadığı qüruru yenidən yaşadır. Bu qürur Azərbaycan Ordusuna olan qürurdur. Bu qürur Azərbaycana olan qürurdur. Bu qürur Ali Baş Komandanın sərkərdəlik qüdrətinə olan qürurdur. Bu qürur Azərbaycanın daha nurlu sabahlarına inamın qürurudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa bu müraciəti də tarixdir. Müraciətdə deyilən “Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik” fikri Azərbaycan dövlətçiliyinə sədaqət andıdır.

Ariz Eyvazov

Göygöl RİHBA Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri