Ulu Öndərin imzası

Qırx dörd günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərimizin, Azərbaycanın dinamik inkişafının əsasında Ulu Öndər Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır. Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsinin ucalığı illər ötdükcə daha aydın görünür.

Bu gün Ümummilli Liderin əsasını qoyduğu siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ərazi bütövlüyünü bərpa edərək tarixi Zəfərə imza atmış ölkəmiz bundan sonra da uğurlu inkişaf yolu ilə irəliləyəcək, Azərbaycan naminə görülən işlər uğurla tamamlanacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə deyib.

Deputat bildirib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyulub. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşdırılması istiqamətində qanunvericilik bazası yaradılıb, məqsədli dövlət proqramları qəbul edilib, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atılıb. Dahi siyasətçi tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafı, mövcud resurslardan səmərəli istifadə, dünya iqtisadiyyatına inteqrasiya və nəticə etibarilə vətəndaşların rifahının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.

“İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahənin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun, 100-dən çox fərman və sərəncam qəbul edildi, 30-a yaxın dövlət proqramı təsdiq edildi.

Azərbaycanın ovaxtkı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrat ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Ulu Öndər neft və qaz sahəsində artıma ölkənin qarşısında duran çətinlikləri həll etmək yolunda əsas vasitələrdən biri kimi baxırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu şirkətlərin və investorların cəlb edilməsini strateji zərurətə çevirmişdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından dərhal sonra xarici investorlarla neft müqaviləsi üzrə fəal danışıqlara başlandı və çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.

“Müstəqil Azərbaycan Respublikası öz taleyinin sahibi kimi, öz sərvətlərinin sahibi kimi bu əməkdaşlıqda dünya birliyində, dünya iqtisadiyyatı birliyində öz layiqli yerini tutacaqdır”, - deyən Ulu Öndər yanılmamışdı. Müstəqil dövlətimizin neft strategiyasının və doktrinasının əsasını qoyan “Əsrin müqaviləsi” Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. Bu qlobal layihə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir”, - deyə M.Abbaszadə vurğulayıb.

Deputat qeyd edib ki, Ümummilli Liderin düşünülmüş iqtisadi siyasəti nəticəsində müstəqil Azərbaycanda makroiqtisadi sabitliyə nail olunub və davamlı iqtisadi artımın əsası qoyulub. İqtisadiyyatın bütün sahələrində islahatlara başlanılıb və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Ulu Öndərin müdrik, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal iqtisadi siyasət nəticəsində neft, qaz sənayesi ilə yanaşı, elektrotexnika, maşınqayırma, kimya və digər sahələrin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilib.

Mahir Abbaszadənin sözlərinə görə, Heydər Əliyevin müəyyən etdiyi sosial iqtisadi siyasətin mühüm istiqamətlərindən biri yol infrastrukturunun inkişaf etdirilməsi oldu və müasir Azərbaycanın qurucusu bu sahədə mühüm işlərə imza atdı. Nəqliyyatın inkişafı siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq və tranzit dəhliz yollarının, ölkənin şəhərlərarası və regionlararası daxili yol infrastrukturunun inkişafı nəticəsində nəqliyyat sistemi yenidən quruldu, Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin (TRASEKA), "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi reallaşdırıldı. Nəticədə Azərbaycan Xəzər regionunda əsas nəqliyyat qovşağına və beynəlxalq əhəmiyyətli neft-qaz tranzit ölkəsinə çevrildi.

“Ulu Öndər hər zaman çıxışlarında Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyini deyir, o torpaqlara qayıdacağımız günün uzaqda olmadığını dəfələrlə vurğulayırdı. Bu müqəddəs missiyanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Odumuz həyata keçirdi. Azərbaycanın tarixi siyasi uğurları, ölkəmizin inkişafı üçün həyata keçirilən iqtisadi və mədəni layihələrin əsasında Ulu Öndərin imzası var”, - deyə deputat vurğulayıb.