Ümummilli liderin ruhu şaddır

Tarixdə elə nəhəng insanlar olub ki, bütün həyatını xalqına həsr edib. Belə insanlar öz fəaliyyətləri ilə tarix yazaraq, adlarını tarixi şəxsiyyət kimi həkk ediblər. Azərbaycanın taleyüklü, mürəkkəb mərhələsində əvəzsiz xidməti olan, dövlətçilik ənənələrini qoruyub-saxlayan ulu öndər Heydər Əliyev kimi.

Bu günlər nəinki Azərbaycanda, bütün Türk dünyasında, eləcə də ayrı-ayrı ölkələrdə ümummilli lidern anım günü qeyd olunur. Ulu öndər Heydər Əliyevin vəfatından 19 il ötür. Və hər ötən gün Heydər Əliyev dahiliyini, Heydər Əliyev ucalığını göstərir.

Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərlikdə olduğu dövrlərdə - istər Sovet Azərbaycanı, istərsə də müstəqil Azərbaycan böyük inkişaf yolu keçib. Təsadüfi deyil ki, həmin illər tariximizin Heydər Əliyev dövrü adlandırılır.

Dövlət müstəqilliyini yenicə bərpa edən Azərbaycan böyük bəlalarla üz-üzəydi – ölkədə xaos və anarxiya hökm sürürdü, respublikanı vətəndaş müharibəsi, parçalanmaq təhlükəsi gözləyirdi. Xalqı bu problemlərdən qurtarmaq, ölkəni xilas edəcək şəxsiyyətə ehtiyac vardı. O ağır günlərdə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər bu təhlükələri dəf edərək milli dövlətimizi qurmağa başladı. Qısa zaman kəsiyində milli maraqlara söykənən xarici siyasət kursu formalaşdırıldı, ölkədə quruculuq işlərinə start verildi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkə həyatının ritmi dəyişdi. Canlanma və yüksəliş, geniş quruculuq işləri başlandı. Ulu öndərin Azərbaycana rəhbərliyinin ikinci dövründə görülən işləri, əldə edilən uğurları, nailiyyətləri saymaqla bitməz.

Təbii ki, atılan hər addım torpaqlarımızın işğaldan azad edilməsinə hesablanırdı. Ulu öndərin ən böyük arzusu məhz Qarabağın düşmən tapdağından azad edilməsi idi. Uzaqgörən dahi lider gec-tez Azərbaycanın ərazi bütöblüyünün bərpa ediləcəyinə əmin idi. Buna inandığı üçün də “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun” deyirdi.

Zaman gəldi, vaxt yetişdi. Ulu öndərin arzusu, vəsiyyəti onun layiqli varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yerinə yetirildi. İki ildir ərazi bütövlüyümüz bərpa edilib, torpaqlarımız azad olunub, üçrəngli dövlət bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən söylədiyi “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” fikirləri ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndərin ona olan etimadını, inamını bütün istiqamətlərdə doğrultduğunu bir daha ifadə etdi.

Ümummilli liderin ruhu həm də ona görə şaddır ki, qurucusu olduğu dövlət daim inkişaf yolundadır. Artıq Azərbaycan imzası imzalar içindədir. Artıq dünya Azərbaycanla hesablaşır. Artıq Azərbaycan söz sahibidir.

Azərbaycan var olduqca qəlbi həmişə xalqla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcək.

Bu sevginin, bu ehtiramın nümunəsidir ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Ulu öndərin 100 illik yubileyi həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd ediləcək.

Oqtay Əsədov 
Milli Məclisin deputatı