Yeni Azərbaycan Partiyası dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısına çevrilib

“Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Azərbaycanın ən yeni tarixinə “91-lər” kimi daxil olmuş görkəmli ziyalılar, tanınmış insanlar və nüfuzlu şəxsiyyətlər Ulu Öndər Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməyi xahiş edirdilər. Beləliklə də, Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası təsis edildi”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Ulu Öndər Heydər Əliyev cəmiyyətin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi: “YAP-ın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. Beləliklə də, Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçdi”.

“Bu gün Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, YAP dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısı olmaqla yanaşı, ölkənin bütün sahələrində yüksək aktivlik nümayiş etdirməklə, insanların dövlətçiliyə olan münasibətlərinin ifadəçisinə çevrilib: “YAP öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Bu mənada, partiyanın məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir”.