Zəngəzur dəhlizi artıq reallığa çevrilir!

44 günlük qalibiyyətli Vətən Müharibəsi, sadəcə, 30 ilə yaxın müddətdə işğal altında olmuş ərazilərimizin azad olunması ilə bitmədi, həm də qalib tərəf olaraq, Azərbaycana böyük imkanlar yaratdı. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır.
Azərbaycan Prezident İlham Əliyev bu ilin iyun ayının 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşdiricisi rolunu oynayacağını bildirib. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcəkdir.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun əsas nəqliyyat qovşaqlarından birinə çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaqdır.
Bu dəhlizin açılmasıyla ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.
Dağlıq Qarabağ münaqişəsi zamanı və bu münaqişədən əvvəl də bəzi qüvvələrin ən əsas məqsədlərdən biri Türk dünyasında quru sərhəddinin ləğv edilməsi olub. Həmin qüvvələr buna qismən nail də olmuşdular. Azərbaycandan Naxçıvana getmək üçün biz, İran ərazisindən keçirdik. Bəzi yükdaşımalar zamanı da, istər-istəməz, müəyyən problemlərlə qarşılaşırdıq. Bu gün Zəngəzur dəhlizinin açılmasının çox böyük əhəmiyyəti var. Bu dəhlizdə tək avtomobil yolu deyil, paralel olaraq Naxçıvanla birləşən keçmiş dəmir yolu bərpa olunacaqdır, həmçinin kommunikasiyaların açılması boru və qaz kəmərlərinin açılması üçün də mühüm irəliləyişdir. Gələcəkdə Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə çıxmaq imkanı yaradacaq. Bu, Türk dünyasının birləşməsi deməkdir. Bütün bunların fonunda bu dəhlizin əhəmiyyəti hər kəs üçün aydındır. Beləliklə, Zəngəzur dəhlizinin açılışı Azərbaycanın siyasi-strateji mövqeyini xeyli yüksəltməklə, onun iqtisadi qüdrətini bir daha əhəmiyyətli dərəcədə artıracaqdır!

Elnur Əmirəslanov:

YAP Hacıqabul rayon təşkilatının sədri