Adıgözəl Xəlil Fərhad oğlu.1985-ci il noyabr ayının 6-da Bakı şəhərində dünyaya göz açmış, ibtidai təhsilini həmin şəhərin 22 saylı məktində aldıqdan sonra, 2003-cü il Sumqayıt Dövlət Universitetinin Filologiya qəbul olmuş, 2007-ci ildə müvəffəqiyyətlə bitirmişdir.Yaradıcılığına orta məktəb illərindən başlamış, hələ də davam etdirməkdədir...
Dəniz
Danış dərdlərini, dərdləşək bugün, Taleyi üzünə ağ olan dəniz. Biraz əsəbləşək, sərtləşək bugün, Eşqi sinəsinə dağ olan dəniz...
Al məni qoynuna, ağuşuna çək, Yenə o sevgini ürəyimə ək, Mənim parça-parça ümidlərim tək, Saçları sahilə dağılan dəniz.
Nədir təlatümə gətirən səni? Nədir qram-qram bitirən səni? Nədir bu məqama yetirən səni... Gözünün yaşında boğulan dəniz?!
Nədir ürəyini ikiyə bölən? Görəsən varmıdır dərdini bilən? Gözünün yaşında boğulub ölən, Xəlilin gözündə doğulan dəniz...
Dünya
Bu dünyanın lap əzəldən, Qışı da yazı boydadı. Nə böyükdü,nə balaca, Çoxu da azı boydadı!
Axır yozdum bu yuxunu, Tanıdım yadı-yaxını, Hamının boyu-buxunu, Ağzının sözü boydadı!
Dünya-başa qaxanların, Dünya-başa çıxanların, Dünya-ona baxanların, Koralmış gözü boydadı.
Həm "qarası",həm "ağının", Yatmışının -oyağının, Dünya-insan ayağının, Torpağı-tozu boydadı.
Çox axtardım künc-bucağın, Həm o çağın, həm bu çağın, Dünya-yanan bir ocağın, Közərən közü boydadı.
Az ovcunda bük ürəyi, Aç- çarmıxa çək ürəyi, İnsanlar var tək ürəyi, Dünyanın özü boydadı.
Balaca yerdi dünya
Başını qoy sinəmə, Eləcə gözünü yum. Nə özünü aldat, gəl Nə məndən təsəlli um.
Elə bil ki qoynumda Bir parça buzsan daha. Nə mən o mən deyiləm, Nə sən o qızsan daha.
Ağlama için-için... Beləcə yerdi dünya. Böyük sevgilər üçün Balaca yerdi dünya.
Yerdə xoşbəxt olmadın, "Xoşbəxtəm":- deyə-deyə. Gəl, mən şeir ağlayım, Tut ucundan çıx göyə...
Nə bilmək olar...?!
Dərdimi üzümə vurma bu qədər, Vicdanı əlindən vermə bu qədər, Gəl mənim haqqıma girmə bu qədər, Sınağın olaram, nə bilmək olar?!
Yaşayarsan, bərkə-boşa düşərsən, Yalqız qalıb, bəlkə başa düşərsən, Gecikərsən, dilə-dişə düşərsən, Qınağın olaram, nə bilmək olar?!
Bitər qocalığın nübarı başda, Qalxar iztirabın buxarı başda, Gün gələr süfrəndə yuxarı başda, Qonağın olaram, nə bilmək olar?!
" Ən güclü şeirlər bəstəboy olur "
Ən gözəl şeirlər - saçları buruq, Dodağı qırmızı, gözü göy olur. Ən yaxşı şeirlər - hündürboy, arıq, Ən güclü şeirlər bəstəboy olur.
Kasıbı, varlısı, xeyiri-şəri... İndi şeirlərin nər kini olur. Sərxoşu, dindarı, vətənpərvəri, Özəli, gözəli, çirkini olur.
Yenə də başımı duman, çən alıb, Məni şeirlərim dərdə salıbdır. Şikəst şeirlərim bəxtəvər olub, Gözəl şeirlərim evdə qalıbdır.
Asandan başlamır çətin şeirlər, Tarix soraqlamır, yiyəsi kimdir? Ürəksiz yazılan bütün şeirlər, Qüsulsuz qılınan namaz kimdir.
Ürəyim dinləmir ağlım deyəni, Daha yuxularım ərşə çəkilir, Zaman yetişib ki, şor torbasının Ağzını açırsan, "şeir" tökülür.
Hecalar ayları, illəri gəzir, Misralar gözümdə boğulub ölür. Yüngül şeirlərim dilləri gəzir, Ağır şeirlərim doğulub ölür.
Amandır, qoy susum ürək dolusu, Onsuz, nə olursa, qoynumda qalır. Razıyam, hər sözüm ağzımda qalsın, Ağızdan çıxdısa, boynumda qalır...
Ən gözəl şeirlər - saçları buruq, Dodağı qırmızı, gözü göy olur, Ən yaxşı şeirlər - hündürboy, arıq, Ən güclü şeirlər - bəstəboy olur.
Bütün ayrılıqlar kəmşirin olur
Ey mənim dərdimə gülüb keçənim, Bu ələm sən bilən ələmdən deyil. Gözlərdən söz çəkən şair qələmi, Gözünə çəkdiyin qələmdən deyil!
Bu yanan ocaqdan köz düşər əlbət, Dediyin hər kəlmə göz dağın çıxar. Yarana bir çimdik söz düşər əlbət, Yanarsan, yanarsan, cızdağın çıxar.
Hicranın düzünə tək atılarsan, Hərə öz dərdiylə öyünər bir gün. Gecələr yuxudan dik atılarsan, Ürəyin ağzında döyünər bir gün.
İsti göz yaşların gözündə donar, Sorarsan:- Hardadı, görən neyləyir? Birdən qulaqların od tutub yanar, Baxarsan burnunun ucu göynəyir.
Həsrət hər fürsətdə dişini qıcar, Darıxmaq həm acı, həm şirin olur. Gün gələr ağzının dadı da qaçar, Çünki, ayrılıqlar kəmşirin olur.
Ey mənim dərdimə gülüb keçənim, Bu ələm sən bilən ələmdən deyil. Gözlərdən söz çəkən şair qələmi, Gözünə çəkdiyin qələmdən deyil!
Üç nöqtə...
"Ayrılaq"- yazmısan, üzün ağ olsun! Hirsinin qisası, öcü olma, gəl. Ömürlük sevgiyə gözün tox olsun, Üç günlük istəyin acı olma, gəl.
Ələmə başıma ayrılıq külü, "Ayrılaq" deyənin ədası olar! Vida məktubunun üç-beş vergülü, Bir-iki göz dağı nidası olar!!
Mən yerdə göy ilə əlləşən adam, Mənə ayrılığı qıymağın nədir? Üç vərəq "əlvida" yazmısan, madam Axırda üç nöqtə qoymağın nədir?
Nə olub, nə keçib başa dəydikcə, Kimin nə olduğu seçilir gün-gün. Bir sual dilimdə boyun əydikcə, Üç nöqtə gözümdə kiçilir gün-gün.
Dəyişmir, ha üstdən, ha yandan baxsan, Ahı birinə yaz, suçu birinə... Sənin "üç nöqtənə" hayandan baxsan, Biri üçünə dəymir, üçü birinə!
"Ayrılaq"- yazmısan, üzün ağ olsun! Hirsinin qisası, öcü olma, gəl. Ömürlük sevgiyə gözün tox olsun, Üç günlük istəyin acı olma, gəl...
Qorxusu yoxdur
Yığışın başıma, deyib-güləyin, Sehrinə düşmüşəm əsən küləyin, Sizə söz verirəm, çarxı-fələyin Çarxı çıxanacan qorxusu yoxdur.
Günlər güllə kimi keçir yanımdan, Ölsəm də, çıxmaram paslı qınımdan, Yeyib-içəcəyəm, ta ki canımdan Qorxu çıxanacan qorxusu yoxdur.
Keflənib dovşana ayı de, qorxma! ...və bunu bir ömür boyu de, qorxma! Dedilər: "Düşmənə dayı de"- qorxma! Arxı çıxanacan qorxusu yoxdur.
Onu iyirminin gözündən tökdüm, Otuzun yavaşca başını əkdim, Həyatdan on il də kredit çəkdim, Qırxım çıxanacan qorxusu yoxdur!
O mənəm ki, dözürəm!
Bu nə tale, bəxt idi ?! Bu nə sövdə, əhd idi ?! Ürəyim səni dedi... Dilim özgəni.
Tüstüm gözümü yandırdı, Qələm sözümü yandırdı, İçim özümü yandırdı, Çölüm özgəni.
Dərd içində üzürəm, O mənəm ki, dözürəm! Mən ölümü gəzirəm, Ölüm özgəni.
KÖLGƏ
Qarışıb səsinə addımlarının, İzlədim küçəniz boyunca səni. Əllərim yetmədi, qoy heç olmasa, Kölgəm qucaqlasın doyunca səni.
O görüş səninlə son görüş idi Ayrıldım səninlə, səndən xəbərsiz. Sən rahat yoluna davam edirdin Dumandan xəbərsiz, çəndən xəbərsiz.
Bilirdim,səslənən hər tıqqıltıda, Ayrılıq nəğməsi oxunur mənə. Üzümə xəfifcə meh toxunanda, Sanırdım nəfəsin toxunur mənə.
Qurumuş ağacdan yarpaq yerinə, Həsrət tökülürdü budaqlarından. Mən isə kölgənə təmas edərək, Öpürdüm ehmalca dodaqlarından.
Küçənin sükutun pozan yerişin Çəkirdi günahsız dara kölgəmi. Sanki həzz alırdın, xoşun gəlirdi, Ayağın əzəndə qara kölgəmi.
Ritminə düşmüşdü qəlbimin səsi, Heç də seçilmirdi ayaq səsindən. Bütün vücudunu gəzən gözlərim Az qala çıxırdı hədəqəsindən.
Küçəniz boyunca sürünən kölgəm, Son dəfə səninlə birə-bir idi. Küçənin sonunda gözdən itməyin, Mənimçün ölümə bərabər idi.
Qarışıb səsinə addımlarının İzlədim küçəniz boyunca səni. Əllərim yetmədi, qoy heç olmasa, Kölgəm qucaqlasın doyunca səni.