Bakıda evində tiryəkxana təşkil etməkdə təqsirləndirilən şəxs saxlanılıb - VİDEO

Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sabahinfo.az-a verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə paytaxt sakini Aqil Məmmədov və Xalidə Bayramova narkotiklərin satışında şübhəli bilindikləri üçün saxlanılıblar.

Onlardan 3 kiloqramdan artıq heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı isə rayon ərazisində metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən mənzillərdən birində “tiryəkxana” təşkil edən Kamal Ələkbərov və həmin evdə narkotik vasitələr qəbul edən daha 6 nəfər saxlanılıb. Araşdırma zamanı ev sahibinin yaşadığı ünvanda narkotik vasitə aludəçilərinə psixotrop maddə olan metamfetamin qəbul etmək üçün şərait yaratdığı müəyyən edilib. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq silah gəzdirən paytaxt sakini Elçin Hüseynov saxlanılıb. Ondan bir ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid daraq, 29 ədəd patron və bir kiloqrama yaxın satış məqsədi ilə əldə etdiyi heroin aşkar edilib. Elçin Hüseynov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.

Ümümilikdə isə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının son iki ayda həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 73 nəfər saxlanılıb. Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotiklər, həmçinin psixotrop maddələr aşkar edilib. Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.