Aybəniz Kərimova - Göydə fələklər at çapır...

Aybəniz Əliyar Kərimova 1980-cı ildə Şabran şəhərində anadan olmuşdur. Orta məktəb illərindən sözə həssas münasibəti onun gələcəyinin poeziya ilə bağlı olacağından xəbər verirdi. Bu gün bir çox mətbu orqanında şeirləri çap olunan altı bədii kitab müəllifi Aybəniz Əliyar AYB-nin üzvü,Şabran şəhəri Xaqani Poeziya Evinin direktorudur.

KƏSDİYİN AĞAC

Sənin kəsdiyin ağacın, Hələ yarpağı yaşıldı. Fidan-fidan budaqların Evi başına uçuldu.

Sən kəsirdin ağac kimi, Dili yox idi danışa. Gözü yox idi, ağlaya, Əli yox idi savaşa.

Kəsib atdın, kəsildikcə Qanadı yox idi uça. Sənin o iti baltandan, Ayağı yox idi qaça.

Nə olsun, kəsdiyin yerə Axmadı bir damcı qanı... Günahına günah qatdı, Tumurcuqların fəğanı.

HARA GEDİR

Hara gedir bir belə ah?

Fağırın yoxmu Allahı? Gecə-gündüz "Allah, Allah!", Çağırır, yoxmu Allahı?

Kim tutacaq haqq çırağın Bu yerdəki zülmətlərə? Açın göylərin tabağın, Bir az işıq düşsün yerə.

Əlləri qandalda qalıb, Ayaqları məngənədə. O buluda kim əl salıb? Gözü su içmir yenə də.

Dağ üstdə yenə dağ gəlir, Ədəb görklü adamlara. Bu dünya oyuncaq gəlir, Adam yüklü adamlara.

Hara gedir bir belə ah? Fağırın yoxmu Allahı? Gecə-gündüz "Allah, Allah!", Çağırır, yoxmu Allahı?

PUL TAXTASI

Başın qarışmışdı pul qazanmağa,

Sən hələ özünçün yaşamayırdın, Hələ həvəslərin oyanmamışdı, Hələ öz yükünü daşımayırdın.

Gözün açıq idi, görmürdün ama, Qəlbin yalın idi, üşüməyirdin, Özündən xəbərin yox idi, adam, Başın qaşınırdı qaşımayırdın,

Əllərin getmişdi pul qazanmağa. Evinə baxardın, evin boş idi, Cibinə baxardın, cibin boş idi, Elə ürəyin də boş idi, adam, Başın qarışmışdı pul qazanmağa,

Sənə belə həyat xoş idi, adam... Yuxulu sabahlar, şirin gecələr, Hələ ətrafında "dostun" çox idi. Nə olsun, bolluca pul qazanardın, Bircə ürəkdə də yerin yox idi.

Ortaya bu qədər pul çıxdı, amma, Bəs sevgi, bəs istək harada qaldı? Deyən olmadı ki, yazıqsan bala, Bu pul taxtasından başını qaldır.

ASIN BU QIZI

Göydə bir qız asıb özün, Saçları buluddan uzun. Yaxşı ölməyib, deyirlər, Çıxarın, təzədən asın!

Səpib yenə göy üzünə, Ulduz kimi hər tükünü. Təzədən qəm verin ona, Təzədən çatın yükünü.

"Eşq" yazılıb ürəyinə, onu silin, "ölüm" yazın. Əllərinə boy verməyin, Ayağından daşlar asın.

Kəm baxdı gün işığına, Taleyinə olmadı ram. Gözlərinin işığını, Çıxarıb söndürün tamam.

Günəşə meydan oxuyur, Saçındakı hər təzə dən. Dünyanın gözü önündə, Asın bu qızı təzədən.

GƏLSİN

Allah, heç nə istəmirəm, Qoy məni ağladan gəlsin. Bu yolları üzü bəri, Əy, məni ağladan gəlsin.

Bolluca ver dərdi, qəmi, Odur yaramın məlhəmi. Gəl, qapımı, pəncərəmi Döy, məni ağladan gəlsin.

Yerlərini sər, yol elə, Fərmanını ver, "ol" elə! Buludunu bol-bol elə, Göy, məni ağladan gəlsin.

QUŞ NƏĞMƏSİ

Yemşanlar qaralır kol budağında, Cəh-cəh səsi gəlir, yanıqlı, acı... Bu dünya özünün qəm yatağında, Bir quş nəğməsinə yox ehtiyacı...

Göbələk mövsümü başlayıb yenə, Otların başını aldadır xəzan. Dönürəm o quşun cikkiltisinə, Qovla indi məni, taleyi yazan.

Dərələr yamyaşıl qalıb hələ də, Ora rüzgar əsmir, payız qonmayır. Artıq noyabrdır, yetişib vədə, Doyur bu xəzanın, gözünü doyur.

Qamışlar göyərir gölün içindən, Qurumuş göllərə qəm yağır yenə. Dönür məhəbbətlər quş nəğməsindən, Qamışdan düzələn tütək səsinə.

KÖTÜK

Gül açıbdır dodağında tumurcuq. Tüğyan edir yağışları Baharın. Tellərinə kəpənəklər düzübdür, Rəngbərəngdir naxışları Baharın.

Quşlar qonub bir kötüyün üstünə, Quşlar sanki gül açıbdır kötükdə. Papaqlanıb koğuşunda göbələk, Mamır çıxıb hər dəlmədə-deşikdə.

Kötük yenə unudubdur özünü, Xəbəri yox, qırılıbdır budağı. Yuvasızdır qanadları, qolları, Hərdən bom-boz sərçələrdir qonağı.

Gəzdirirlər bu yerlərin sorağın, Quşlar göydə dil-dil ötən xəfiyyə. Yaşıl otlar qucaqlayıb kötüyü, Elə bil ki, "qalx" deyirlər kötüyə.

Danışıram, kötük məni dinləyir, Eh, görəsən anlayırmı dilimdən? Kötükdür ki, belə sakit dayanıb, Adam olsa, durub qaçar əlimdən.

AT ÇAPIR

Nə soyuq, zülmət gecədir, Çöldə küləklər at çapır... Meydanı boş görüb deyə, Göydə fələklər at çapır...

Allah var səbrin içində, Şeytan var qəbrin içində. Bir qırıq qəlbin içində, Min cür kələklər at çapır.

Adı yalandır həyatın, Atı yoxmudur büsatın? Hər kəs bir cür çapır atın. Bom-boş diləklər at çapır.

Eşq olsa zülmət boğulur, Hər tərəf cənnət, bağ olur. Harda ki, sevda doğulur, Orda mələklər at çapır.

 

DÖRD BACI, ÜÇ QARDAŞ...

Yaman yuxalıbdı ürəyim bu gün, Rəngli xəyallarım gəlmir haraya. Bütün xatirələr ağ-qara olub, Necə qatmışamsa ağı qaraya.

Qəlbimi oxşadı bahar yağışı, Tutub buludları ilməyə hördüm. Bir ovuc dumandan çəkdim başıma, Bir çimdik bənövşə ətiri dərdim.

Təzə nimçə ilə süd çəkdi anam, Ana əllərində başqa ruzu var. Atam at belindən əl etdi mənə, Yüyürdü üstümə təzə quzular.

Getdiyi hər evdə xonça-xələtlə, Anam oğulların öyməyib hələ. Hələ yol gözləyir qız cehizləri, Qapını elçilər döyməyib hələ.

Necə şad, firavan deyib gülürük, Nədən böyüdük ki, düşünürəm mən. Hamımız təzədən uşaq oluruq, Nə ərə gedən var, nə də evlənən.

Bir süfrə başına cəm olduq yenə, Dörd bacı, üç qardaş, doldu boş masa. Həsədlə baxırdı eşikdən günəş, Balaca daxmadan boylanan yaza.

MƏNİ

Bir sevgi verib əlimə, Elə güldürdülər məni. Əvvəl qəbrimi qazdılar, Sonra öldürdülər məni.

Yerdən dizimi oydular, Yoldan izimi oydular. Sonda gözümü oydular, Belə söndürdülər məni.

Ruh idim, ətir saçırdım, Göylərdə çiçək açırdım. Uçurdum, elə uçurdum, Yerə endirdilər məni.

Bir az sevgi qıymadılar, Əzabımdan doymadılar. Qəbirdə də qoymadılar, Gəlib dindirdilər məni.

DAŞIYA BİLMİRƏM

Bu canı daşıya bilmirəm daha, Daşıya bilmirəm ayaqlarımı. Dartır seir adlı gül balalarım, Dartır əllərimi, balaqlarımı...

Bir haray içinə çəkir qəlbimi, Bir hayın içində batıb qalıram. Bir dərd qucağına alanda məni, Bir dərdi ağlayıb əldən salıram.

Daşıya bilmirəm bu canı yenə, Hər il bir az daha ağır oluram. Özünü sevdirmək istəməyirsən, Mən adam sevəndə fağır oluram.

Körpülər uçulur gözlərimizdə, Keçməyə bir ümid saxlamayırsan. "Kişilər ağlamır" deyirlər axı, Demək ki, mənimçün ağlamayırsan.

QUYU

Quyuya bir daş atdılar, Daş düşdü, oyandı quyu. İçindəki daşa baxdı, Daş üstə dayandı quyu.

Bir qız boylandı içindən, Kimsə asmışdı saçından. Günorta durdu acından, Bu qızı yem sandı quyu.

Zülmət oldu qızın günü, Kimsə eşitməz ki, ünün. Saçına düşən düyünün, Ağrısından yandı quyu.

Susun, yalvarıram, susun! Nə səsdi bu, qulaq asın?! Saçından asılan qızın, Qanına boyandı quyu.