Dəyirmi masa həm də siyasi hadisə kimi tarixləşdi

Azərbaycan müstəqil dövlət kimi dünya dövlətlərinin əksəriyyəti ilə etibarlı siyasi-iqtisadi əlaqələrə malikdir. Bu əlaqələr qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsində olduqca əhəmiyyətlidir. İyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi” nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən dəyirmi masa da bu gerçəkliyin təsdiqi oldu.

 Dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxışında enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıqdan, Avropaya qaz təchizatının 2027-ci ilin sonuna kimi 2 dəfə artırılacağından söz açaraq bildirdi ki, “Əməkdaşlığın İnkişaf dinamikası qorunur. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kub metr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kub metrə yaxın olacaq.”

 Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxışında xatırlatdı ki, bizim qazımızı alan 8 ölkədən 5-i — Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. “Sloveniya -Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcək.”

 Avropa Komissiyasının Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmasını da xatırladan Cənab İlham Əliyev çıxışında həm də qeyd etdi ki, 20 il ərzində Azərbaycan tarixində ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdi və qonşuları ilə birlikdə onu istismara verdi. Oksfordda “Avropa Siyasi Birliyi”-nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və Bağlantı” mövzusunda keçirilən dəyirmi masa təkcə iqtisadi deyil, həm də siyasi hadisə kimi tarixləşdi.

Səbinə XASAYEVA,

VI çağırış Milli Məclisin deputatı