Düşmənə göz dağı

2020-ci il  dekabrın 10-da Vətən müharibəsində Azərbaycanın qələbəsinin şərəfinə Azadlıq Meydanında keçirilmiş Zəfər paradından artıq 3 il ötür. Ötən 3 ilə baxmayaraq Paradın çoşğusu, təntənəsi, xalqımıza yaşatdığı qürur hissi və qələbə sevinci bu gün də hər bir azərbaycanlının qəlbində hiss edilir. Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradının keçirilməsi Azərbaycanın şanlı Qələbəsinin növbəti əzəmətli nümayişi idi. Bu təkcə Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün olduqca mühüm hadisə idi. 
Torpaqlarımızın düşmən işğalı altında olduğu 30 il müddətində xalqımız torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirdi, Azərbaycan xalqı 30 ildir Qələbəni gözləyirdi.  30 il  ərzində həm Ulu Öndərin hakimiyyəti illərində, həm də cənab Prezidentin rəhbərliyi dövründə atılmış hər bir addım, qəbul olunmuş hər bir qərar son nəticədə Azərbaycan torpaqlarının düşmən işğalından azad olunmasına hesablanmışdır.  Lakin bu müddət ərzində ordu quruculuğu sahəsindəki işləri xüsusi qeyd etməliyik. Əminliklə deyə bilərik ki, Vətən Müharibəsində əldə olunmuş Zəfər mükəmməl ordu quruculuğu siyasətinin nəticəsidir. 
Ordunu dövlətin dayağı, xalqın güvənc yeri, qürur mənbəyi adlandıran Ulu Öndər Azərbaycan Ordusunun yaradıcısı olmuş, ordumuzu dövlət müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirmişdir. Azərbaycan Ordusunun inkişafı, müasirləşdirilməsi, döyüş qabliyyətinin artırılması  cənab Prezident İlham Əliyevin rəhbərliyi illərində də uğurla davam etdirilmiş, ordu quruculuğu dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrilmişdi.  Şübhəsiz ki, Ordu quruculuğu sahəsindəki bu əzmkar fəaliyyət 44 günlük Vətən Müharibəsindəki qələbəmizin təməlini təşkil etdi. Danılmaz faktdır ki, bütün müharibələrdə son sözü güclü ordu və onun Baş Komandı deyir. İkinci Qarabağ Müharibəsində isə son sözü Şanlı Azərbaycan Ordusu və onun Müzəffər Ali Baş Komandanı Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etməklə söylədi.
Ölkəmizə şanlı qələbəni bəxş edən hərbi qüdrətimizin nümayiş etdirilməsi üçün Zəfər Paradının keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinə olan dərin ehtiramın ifadəsi, həm də dünyaya verilən mühüm mesaj idi. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilmişdir. Qəhrəman əsgər və zabitlərimizin tribuna önündən mətin addımlarla irəliləməsi Azərbaycan Ordusunun hərbi qüdrətinin,  rəşadətinin və Qələbə əzminin ifadəsi idi. Əlbəttə, Paradın qürurverici anlarından biri də Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qisminin gətirilməsi olmuşdur. Bu, həm də təcavüzkar Erməni ordusunun mənəvi məğlubiyyəti idi və bütün dünyaya nümayiş etdirildi ki, ölkəmizə qarşı təcavüzkar, seperatçı fəaliyyət göstərənlərin layiqli cavabı mütləq veriləcəkdir.  44 gün ərzində Ermənistan ordusunun hərbi texnikası, canlı qüvvəsi məhv edilmiş və Ermənistan ordusunda  11 min  hərbçi fərari olmuşdur. 
Azərbaycan Ordusu isə 44 gün davam edən Vətən Müharibəsinin hər günündə yeni bir  tarix yazdı. Fizuli əməliyyatı, Zəngilan döyüşləri, Cəbrayılın, Qubadlının işğaldan azad edilməsi uğrunda aparılan döyülər, Şuşa əməliyyatı, bütün bu döyüşlər mürəkkəb xarakterli, düşmənin müdafiə istehkamlarını yarmağı tələb edən, xüsusi peşəkarlıq və cəsarət tələb edən  əməliyyatlar idi. Ordumuz yüksək peşəkarlıq və fədakarlıqla, vətən sevgisi ilə, xalqın, dövlətin dəstəyini hiss edərək bu vəzifələrin öhdəsindən ən yüksək səviyyədə gəlmişdir. Azərbaycan Ordusu təkcə öz qəhrəmanlığı,  peşəkarlığı ilə yox, həm də bir nəfər belə fərarinin olmaması ilə tarixə düşdü. Əksinə on minlərlə vətəndaşımız orduya könüllü kimi yazılmışdır.
Müharibədə Zəfərimizi şərtləndirən ən mühüm amillərdən biri də həmrəyliyimiz olmuşdur. Zəfər Paradı hərbi qüdrətimizin olduğu qədər,  həmrəyliyimizin də nümayişi idi. Həm də yalnız xalq-iqtidar-ordu həmrəyliyinin yox, Azərbaycan-Türkiyə birliyinin, dostluq və qardaşlığının təntənəli nümayişi idi. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibə başlayan andan “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə ən böyük mənəvi güc olmuşdur. Biz bu dəstəyi, dostluğu ən yüksək səviyyədə qiymələndirərək tarixi Şuşa Bəyannaməsini imzaladıq, Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik zirvəsinə ucaltdıq. Zəfər paradında isə cənab Ərdoğanın Müzəffər Ali Baş Komandanımızın yanında olması, azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə paraddan keçməsi xalqlarımızın tarixinə yazılmış unudulmaz hadisədir. 
Cənab Prezidentin vurğuladığı kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Azərbaycan xalqına Zəfər paradı qüruru yaşadan Ordumuz və Müzəffər Ali Baş Komandanımız ölkəmizə daha bir  qələbə yaşatmışdır. Çox böyük qürur və sevinc hissidir ki,  Zəfər Paradının üçüncü ildönümünü ərazi bütövlüyünü və  suverenliyini tam bərpa etmiş ölkə kimi qeyd edirik.


Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin 
sədri Ziyafət Əsgərov