Fikrimcə, Şimali İrlandiya qələbə qazanacaq. Son bir neçə ildi ki, Maykl Onilin komandası "Vindzor Park"da əla nəticələr əldə edir. Komandada özünəinam çox yaxşıdı. İnanıram ki, bu əhval-ruhiyyədə Azərbaycan üzərində qələbə qazanacaqlar.
sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Şimali İrlandiya millisinin sabiq hücumçusuDevid Hili deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçını dəyərləndirən 37 yaşlı keçmiş futbolçu komandasına güvəndiyini bildirib: "Ötən dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması Şimali İrlandiyadan 4 xal almışdı. Həmin vaxt nə baş verdiyini mən görə bilmədim. Son Avropa çempionatında isə futbolçuların təcrübəsi daha da artdı. İndi Qaret Makuli, Conni Evans və Stiven Devis kimi təcrübəli oyunçuların Azərbaycanla görüşdə komandamıza böyük köməyi olacaq".
Aktivində 36 qolla Şimali İrlandiya yığmasının bombardiri olan Hili komandanın hazırkı hücumçusu Kayl Laffertinin onun rekordunu yeniləyəcəyinə inanır: "Mən Laffertinin fanatıyam. Bir insan kimi, onu çox sevirəm. Kayl istənilən komandaya xeyir verə biləcək futbolçudu. Hazırda onun aktivində 19 qol var və mənim 36 qolluq rekordumu yeniləməyə ən yaxın oyunçudu. Mən 36 qol vuranda insanlar deyirdilər ki, bu rekorda çətin kimsə çatsın. Amma Laffertinin önündə hələ bir neçə il var. O, qollarını sıralayıb ən yaxşı bombardir ola bilər. Əgər Kayl qarşıdakı matçda iştirak etsə, Azərbaycan üçün təhlükəli oyunçu olacaq".
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində 2012-ci ildə millimiz Belfastdan qollu bərabərliklə (1:1) dönmüşdü. Həmin vaxt britaniyalıları son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas edən Hili bunu karyerasının ən yaddaqalan oyunu adlandırıb: "Dörd il öncə Azərbaycanla keçirdiyimiz oyunu çox yaxşı xatırlayıram. Həmin görüşü heç vaxt unutmaram. Çünki yığmanın heyətində 36-cı, yəni sonuncu qolumu məhz Azərbaycanın qapısından keçirmişdim. Karyeramın başa çatdığını hiss edirdim. Çünki o dövrlər çox az qol vururdum. Azərbaycanla görüş isə mənim üçün uğurlu sonluq olmuşdu. Millinin heyətində "Vindzor Park"da qollar vurmaq həmişə xüsusi olub. Azərbaycanla 2012-ci ildəki qarşılaşmadan sonra dedim ki, əgər başıma bir iş gəlsə, xoşbəxt insan kimi öləcəm. Çünki "Vindzor Park"da növbəti dəfə qol vurmuşdum. Həmin qol bizi biabırçı məğlubiyyətdən xilas etmişdi. Bu mənim üçün böyük iş idi. İnsanlar adətən İngiltərə, İspaniya, İsveç və digər böyük ölkələrin komandaları ilə oyunları xüsusi xatırlayırlar. Ancaq mənim üçün Azərbaycanla həmin görüş xüsusi olmuşdu və ən çox sevindiyim, yaddaqalan oyunum o idi".
Qeyd edək ki, sabah "Vindzor Park" stadionunda keçiriləcək Şimali İrlandiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.