"İrəvan məcburiyyətdən başqa yol tanımır"

"Dünən axşam saatlarında, sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı  dəstələrinin növbəti terror aktı nəticəsində hərbi qulluqçumuzun həlak olması hamımızı üzdü. Allahdan şəhidimizə rəhmət, ailəsinə isə baş sağlığı diləyirik. 
 
Törədilən terror aktı göstərir ki, İrəvan məcburiyyətdən başqa yol tanımır. Yəni görünür ki, Ermənistan kapitulyasiya aktı imzalayaraq münaqişəyə son qoymağa vadar edildiyi kimi,  yekun sülhə də "Dəmir yumruq" ilə məcbur edilməlidir".

"Ölkə.Az" xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə,  bölgədə sülh və əməkdaşlıq naminə təşəbbüslərin gündəmə gəldiyi bir vaxta terror törədənə başqa münasibət sərgilənə bilməz.
 
"Ona görə də ya həmin dəstələr könüllü təslim olmalı, ya da  antiterror əməliyyatının keçirilməsi, xalqların birgəyaşayış perspektivini, bölgədə sülh və sabitliyi təhdid edən bu qanunsuz silahlı dəstələrin yerindəcə məhv edilməsi, yaxud, bir an öncə tərkisilah edərək hər bir terrorçunun Azərbaycan qanunvericiliyinin uyğun olaraq məsuliyyətə cəlb edilməsi zəruridir"-o qeyd edib.
 
Deputat əlavə edib kix dünən Müdafiə nazirliyinin özünün yaydığı məlumatda da bu terrorçuları Ermənistan dəstəklədiyi əks olunub:"Ona görə də bu dəstəyin də önünü almaq üçün yekun sülh müqaviləsinə qədər heç bir Ermənistan vətəndaşı Xankəndi başda olmaqla, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmamalıdır. Ermənistan əgər dalandan qurtulmaq, Azərbaycanın tanıdığı şansdan yararlanmaq istəyirsə bu proseslərdə özü maraqlı olmalı, ortaya iradə qoymalıdır. Bölgədə sülh və əməkdaşlıqdan başqa bir seçim yoxdur və olmayacaq da...

Nə Ermənistan nə havadarları unutmamalıdır ki, onları cəmi 44 günə həm cəbhədə, həm diplomatik mücadilədə yerlə yeksan edən  həmin müzəffər Ali Baş komandan, həmin Dəmir yumruq və əvvəlkindən daha güclü, əvvəlkindən daha hazırlıqlı və təcrübəli həmin ordu yerindədir, xalq isə həmişəkindən daha artıq formada öz Ali baş Komandanının arxasındadır".